Rusiya səfirinə məktub

Rusiya Federasiyasının Azərbaycandakı səfiri

cənab Vasili İstratova

Cənab səfir!

Bu kiçik məktubu kimə ünvanlamaq barədə çox düşündüm: Rusiyadakı dostlaramı, hər cür hörmətə layiq ictimai xadimlərəmi, yoxsa dövlət rəsmilərinəmi? Darmacalda son əlçatan Sizi bildim.

Mənim polisim bu məktubu Sizin səfirliyin qarşısında oxumağa və şəxsən Sizə təqdim etməyə imkan verməz, yəqin. Odur ki, bunu mətbuat vasitəsilə çatdırıram. Mən nə dövlət adamıyam, nə də diplomat – fikirlərimi heç nəyə bükmüdən çılpaq deyəcəm.

Sizin təmsil etdiyiniz dövlət Gürcüstana qoşun yeridib, yenidən Qafqazı işğal etmək fikrinə düşüb. Gürcüstan “vilayət statuslu” torpaqlarının zəbt olunması bir azərbaycanlı kimi məni narahat edir, çünki mənim də Qarabağ adlı belə “yaralı” torpağım var. Bir qafqazlı kimi isə qüruruma toxunur.

Artıq üçüncü dəfədir ki, Kremldən Qafqaza qoşun yeritmək əmri verilir. Kreml deyəndə mən Rusiya imperiyası, bolşevik Rusiyası və Rusiya Federasiyasını nəzərdə tuturam. Hər üçünün qonşulara münasibəti mahiyyətcə oxşardı.

Rusiya Qafqazı uzun illərin müharibəsindən sonra zəbt edə bildi. Şeyx Şamil və onun kimi yüzlərlə insan bu işğalla barışmadı. Sovetlərin də işğalı asan olmadı. Minlərlə insan əldə silah dağlara çəkildi və 40-cı illərədək vuruşdu. Qafqazlılar hər fürsətdə azadlıq mücadiləsinə başlayıblar. Bunu Siz məndən də yaxşı bilirsiz.

Sizə indi də asan deyil. Blmirəm niyə bizim azadlığımızı həzm edə bilmirsiz? Biz azadlığı sevirik, çünki onun nə demək olduğunu bilirik. Bəlkə də bu bizim “təhkimçi” və “proletar” ola bilməməyimizdəndir.  Məgər aydın deyilmi ki, Siz bu 200 ildə Qafqazı məğlub edə bilməmisiz?! Torpağı zəbt, minlərlə insanı məhv etmək olar, amma ruhu yox. Siz Qafqazın ruhuna qalib gələ bilmədiniz. Amma Qafqazı sevgi və hörmətlə ram etmək olardı. Siz lap əvvəldən, 200 il qabaqdan səhv etdiniz.

Hələ 80-ci illərin sonunda Soljenitsin Qafqazı Rusiyanın  “kəsilib atılması” vacib olan “qara yarası” adlandırırdı. Mən bu böyük insanın Puşkin, Lermontov və sairələrin heyran qaldığı bir diyarı niyə “qara yara” adlandırmasının səbəbini bilirəm. Bədəndə yad cism yaşaya bilmədiyi kimi Qafqaz da bu 200 ildə Rusiya ilə vahid orqanizm olmadı. Siz hələ də 20-ci əsr rus patriaxının nəsihətini eşitmirsiniz.

Qafqazda “oyuncaq dövlətləri” yenə 5-10 ildə əldə saxlayın, sonra nə olacaq? Bu torpaqları və orada yaşayanları Sibirə və ya Tayqaya aparası deyilsiz. Əvvəl-axır özünüz çəkilib gedəcəksiz, Mərkəzi və Şərqi Avropadan getdiyiniz kimi. Mən bu xalqların yenidən bir yerdə firavan yaşayacağına əminəm. O vaxt sizlər heç də xoş təəssüratla xatırlanmayacaqsız. Hifrəti qazanmaq onu unutmaq qədər çətin deyil. Biz hələ də 1989-cu ilin 9 aprelini, 1990-cı ilin 20 yanvarını unuda bilməmişik.

Cənab səfir!

Bizi ram etmək haqda düşünməyin, bizimlə dost olun. Siyasətinizi 180 dərəcə dəyişsəz görərsiz ki, biz nə qədər mehriban, qonaqpərvər və dostcanlıyıq. Bu torpaqlardan heç kim köçüb getməyəcək. Siz bizim mehriban qonşumuz olsanız biz özümüzə dünyanın o başında dost axtarmarıq.

Bir qədər acı sözlərimdən inciməyin. Axı, yazmışdım ki, mən diplomat deyiləm.

Mehriban qonşu olmaq arzusu ilə,

Vahid Qazi

10 avqust 2008

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma