Ramiz Rövşən: “Ruhlar şəhəri” kitabına ön söz

ramiz rovsen

Ramiz RÖVŞƏN

“Mümkünsüz qayıdış”ın əzabı

Həzrət Əli “İnsanlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər” deyirdi. Folkner isə yazırdı ki, hər bir insan öz yaddaşının məhsuludur.

Aralarında min ildən çox məsafə olsa da, bu iki fikir qəribə şəkildə bir-birini tamamlayır.

Doğrudanmı insanlar hamısı öz zəmanələrinə bənzəyir? Bəs onda necə olur ki, eyni zəmanədən həm Lenin, həm də Aleksandr Blok, həm Hitler, həm də Tomas Mann çıxır?

Bunun bir cavabı var; “çünki hər bir insan öz yaddaşının məhsuludur”.

Eyni hadisələrin şahidi, hətta iştirakçısı olmuş müxtəlif insanların yaddaşında həmin hadisələrdən müxtəlif izlər qalır. Kimsə yaxşılığı, kimsə pisliyi unutmur. Kimsə günahı həmişə özgələrdə, kimsə özündə görür.

Ümumiyyətlə, çox vaxt bizim yaddaşımız olub-keçənləri, başımıza gələnləri, zaman keçdikcə özümüz üçün sərfəli şəkildə redaktə eləməklə məşğuldu. Məsələn, haçansa kiminləsə sözləşmisən, həmin adam sənə çox sərt şeylər deyib və sən ona heç bir tutarlı cavab verə bilməmisən. Amma sonralar hər dəfə o söhbəti yadına salanda düşünmüsən ki, bax, o adam mənə filan sözü deyəndə gərək mən də ona filan cavabı verəydim. Və beləcə, sənin o adama verə biləcəyin tutarlı cavabların sayı get-gedə artıb və yavaş-yavaş sənin yaddaşında o acı, alçaldıcı söhbətin tamam fərqli, səni ucaldan bir mənzərəsi yaranıb. Fransızlar buna “pilləkəndə hazırcavablıq” deyirlər. Yəni öz həmsöhbətindən ayrılıb pilləkənləri düşə-düşə adamın ağlına gələn cavablar.

Təəssüf ki, bu keyfiyyət, bu “pilləkən hazırcavablığı”, öz keçmişini bu cürə “bəzəmək” cəhdi, yalnız ayrı-ayrı insanlara yox, bəzən bütöv millətlərə də xas olur. Şəhərimizdəki köhnə binaların divarlarına təzə üzlük çəkdikləri kimi, keçmişimizin müxtəlif dövrlərinə də bu günün konyunkturasına uyğun şəkildə təzə üzlük çəkmək arzusunda olanlarımız da var.

Amma keçmişimizdə, özü də ən yaxın keçmişimizdə elə yaralı və ağrılı məqamlar var ki, onlara təzə üzlük çəkmək qeyri-mümkündü. O yaraları ancaq tənziflə sarımaq olar və bu zaman tənzifin üstünə çıxan qan ləkəsini görəcəksən.

Dünənimizin və bu günümüzün hələ qaysaqlanmamış bu açıq yarası – Qarabağdı.

***

Dostum Vahid Qazinin “Ruhlar şəhəri” kitabı bu gün daşı daş üstə qalmayan, xarabalığa çevrilmiş Ağdamın xatirəsinə həsr olunub. Bir-iki il bundan əvvəl bir başqa dostumuz Hikmət Sabiroğlunun Şuşa haqqında kitabını oxumuşdum. Bir vaxtlar Şuşa Qarabağın ən gözəl, Ağdamsa ən varlı şəhəri sayılırdı. Vahidin öz kitabında yazdığı kimi, ermənilər Ağdamı axırıncı daşına, kərpicinə, taxtasına, mismarınacan söküb-aparıblar və o tikinti materiallarının hesabına Stepanakerti təzədən qurublar. Amma mən inanmıram ki, bu gün Ağdamın hesabına tikilmiş o evlərdə yaşayan ermənilər Stepanakerti də varlı şəhər saysınlar. Çünki varlı olmaq təkcə dəbdəbəli ev-eşiklə, pulla, malla ölçülmür. Bu həm də insanın içindən gələn bir hissdi, duyğudu. Hər halda, mən bir vaxtlar “haralısan?” sualına bütün Qarabağda ağdamlılar kimi qürurla, hətta bir az da təkəbbürlə cavab verənlərə rast gəlməmişdim. Və bəlkə də Ağdamı o cürə qəddarlıqla dağıdıb xaraba qoyan ermənilər ağdamlılardan həm də o qürurun, təkəbbürün acığını çıxmışdılar.

Bir vaxtlar keçmiş SSRİ-nin paytaxtında yaşayan moskvalılar haqqında deyirdilər ki, “moskvalı olmaq – vəzifədi”. Məncə, Qarabağda da ağdamlı olmaq vəzifə kimi bir şey idi. Və o torpaqların işğal olunmasıyla bütün qarabağlılar əgər öz doğma yerini-yurdunu itirdisə, ağdamlılar sanki təkcə öz yerini-yurdunu yox, həm də, ən böyük “vəzifələrini” itirdilər. “Ağdamlı” olmaq vəzifəsini. Vahidin kitabı bu itkinin ağrısından doğulub.

Sözün düzü, kitabın əvvəlində müəllifin oxucunu öz arxasınca “Ruhlar şəhəri” Ağdama səyahətə çağırması mənə bir az patetik görünsə də, sonra təbii və obrazlı bir dillə təsvir olunan hadisələr, 70-ci, 80-ci illərin Ağdamı və ağdamlıları haqqındakı duzlu söhbətlər, tanıdığım və tanımadığım adamların həyatından danışan irili-xırdalı epizodlar məni öz arxasınca çəkib apardı.

Adətən, insan olub keçənləri, ölüb gedənləri xatırlayır. Bu mənada, xatirə yazmaq üçün Vahid hələ çox cavandı. Onun bu kitabında ara-sıra adlarına rast gəldiyim, onunla bir şəhərdə doğulub böyüyən, bir məktəbdə oxuyan dostları da cavandılar. Hamısı öz işində-gücündə. Amma ən kədərlisi budu ki, bu cavanların doğulub böyüdükləri o şəhər, oxuduqları o məktəb daha bu yer üzündə yoxdu.

Hər bir insan ömrü doğulandan ölənəcən müəyyən zaman və məkan çərçivəsinə sığışır. Yəni biz öz ömrümüzü müxtəlif illərdə, müxtəlif yerlərdə yaşayırıq. Haçansa yaşanmış illərə bir daha qayıtmaq mümkün olmasa da, haçansa yaşadığımız yerlərə qayıtmaq mümkündü. Vay o gündən ki, o yerlərə də qayıda bilməyəsən. Vahidin kitabı bu “mümkünsüz qayıdış”ın əzabından yaranıb. Və bu gün Azərbaycanda minlərlə adam bu “mümkünsüz qayıdış”ın əzabını çəkir…

…Amma dediyim doğrudurmu?

Hanı əzab çəkənlər?!

Bəlkə bu ölkədə “əzab çəkməyin” yeni növü icad olunub; zurna-balabanla, çalıb-oxumaqla, oynamaqla, həftə səkkiz-mən doqquz bayram eləyib göyə fişəng atmaqla və beləcə, gündən-günə arzıslığın, abırsızlığın girdabına batmaqla…

Bütün dünyada geniş yayılmış çox həyasız bir ifadə var: “Qalibləri ittiham etmirlər”. Hətta qaliblərin sinizmi, yəni arsızlığı, abırsızlığı anlayışı da mövcuddu. Amma sən demə, “məğlubların sinizmi” də olurmuş. Və bu gün musiqi sədaları və fişəng parıltıları altında oxuyub oynaya-oynaya biz bunu bütün dünyaya göstərməkdəyik.

Bəlkə bununla düşmənə acıq vermək istəyirik?

Amma düşmənə acıq verməzlər, düşməndən acıq çıxarlar.

Bu kitabın “Xəyal memarı” adlanan sonuncu fəslində Vahid özünün ən böyük arzusundan, haçansa, müharibə bitəndən sonra Ağdamı öz yaddaşımız və köhnə fotolar əsasında ev-ev, küçə-küçə təzədən tikib, qurub bərpa eləməkdən danışır; bir vaxtlar faşistlərin yerlə yeksan elədiyi Varşava şəhəri kimi.

Mən dostumun bu şairanə arzusunun haçansa gerçəkləşəcəyinə çox inanmaq istərdim.

Amma Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan üzü bu yana düşmən tapdağında qalan bütün o şəhərlərin, kəndlərin xatirəsi ildən-ilə bizim öz yaddaşımızda solursa, unudulursa, onda necə?!


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma