Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”
Şair Ramiz Rövşənlə söhbətimiz tək şəxsiyyət azadlığı məsələlərilə deyil, həm də vətəndaşlıq problemlərilə bağlıdır. O, bizim verdiyimiz bir çox başqa suallara isə özünün “Azərbaycansayağı hannibalizm və ya hakimiyyət süfrəsi” essesi ilə cavab verdi.
Sual: Səhv etmirəmsə, əsərləriniz 60-cı illərin ortalarından nəşr olunur. Onların arasında kommunizmi tərənnüm edən bir şer və ya misraya rast gəlmirik. Bəlkə çap olunmayanlar arasında belələri var?
R.Rövşən: Əvvəla onu deyim ki, mənim ilk şerlərim hələ orta məktəbdə oxuyanda, təxminən 50-ci illərin sonları çap olunub. Yazdığım ilk şerin tarixçəsi də bir az qəribədi: müəllimə ana dilindən evdə 10 müxtəlif ismə aid cümlə yazmağı tapşırmışdı. Həmin isimlərə yazdığım o cümlələr özümdən xəbərsiz qafiyələnmişdi və nəsə şerə oxşar bir şey alınmışdı. O şeri müəlliməyə göstərdim, çox bəyəndi. Sonra “Pioner” qəzetinə göndərdi və mənim ilk şerim belə çap olundu. Əgər o 10 ismin arasında “kommunist” və ya “Lenin” sözü olsaydı mən onu da şerdə işlədəcəkdim. Xoşbəxtlikdən, bu məsələdə tale məni görünür lap əvvəldən qoruyub. Mən partiyaya, Leninə şer yazanları ittiham etmirəm. Çünki o vaxt ideologiya o cür idi. Amma hər şeyi dövrün adına bağlamaq da düz deyil. Lenindən, partiyadan yazmağa o vaxt heç kəsi məcbur etməyiblər. Bir də ki, bütün dövrlərdə yazıçının, şairin elə bir haqqı var ki, bunu onun əlindən almaq mümkün deyil: bu, yazmamaq haqqıdır. Əgər yalan yazmaq lazımdısa, yazma!
Sual: Sovet “roddomun”da doğulmaq, uşaq bağçasında böyümək, orta və ali məktəbində təhsil almaq, idarəsində işləmək və nəhayət, sovet adamı olmamaq çox çətin bir işdir, bəlkə də bu “havaya” tam yoluxmamaq mümkün deyil.
R. Rövşən: Ümumiyyətlə, “sovet adamı” anlayışı sovet rejiminin əcaib ifadələrindən biridir. Biz çox qəribə bir mühitdə böyümüşük. Mən bağçaya getməmişəm, amma “Lenin baba sağ olsun, dörd tərəfi bağ olsun” misralarını lap körpəlikdən əzbər bilirdim. Atam öyrətmişdi. Bizim Əmircandakı bala-ca evimizdə qonaq otağının divarına “Kommunist” qəzetinin palaz boyda bir səhifəsi vurulmuşdu, atam mənə, ortasında Stalinin böyük şəkli olan o qəzet səhifəsindəki bütün yazıları (şer, məqalə, təsər-rüfat xəbərləri və s.) əvvəldən axıracan əzbərlətmişdi. Və bizə qonaq gələndə, mən, hələ əlifba bilmə- yən 4-5 yaşlı uşaq, ayağımın altına stul qoyub qalxırdım, o qəzet səhifəsini başdan ayağa cümlə-cümlə oxuyurdum. O qonaqların heyrətlənməyindən biz, ata-bala xüsusi ləzzət alırdıq. Mən məktəbə gedən il Stalin öldü və atamı ilk dəfə ağlayan gördüm. 2-3 il sonra Stalini “xalq düşməni” çıxartdılar və atam o qəzet səhifəsini divardan qopartdı. Onda atam milisdə işləyirdi, məktəbdə müəllimlərin mənə çox yaxşı münasibəti vardı. Sonra atam işdən çıxdı, məktəbdə mənə münasibətin də dəyişdiyini, soyuduğunu hiss elədim. Yəni mən uşaq olsam da, ətrafımdakı bu reallıqları, münasibətlərdəki saxtalığı və qeyri-səmimiliyi görə-görə gəlirdim.
O vaxt bizim, müharibədən sonra doğulan uşaqların ən böyük dərdi müharibəni görməməyimiz, faşistlərlə vuruşmamağımız idi. Təbii ki, bizim ən sevimli məşğuliyyətimiz “dava-dava” oyunuydu, ən sevimli qəhrəmanlarımız isə Koroğlu, Qaçaq Nəbi yox, məşhur partizan Mixayloydu. Amma görünür bizim bu “davakar” nəslimizin taleyinə səngərlərdə döyüşmək yazılmayıbmış. 41-45-ci il müharibəsi atalarımızın, ondan yarım əsr sonra, 90-cı illərin əvvəlində başlayan Qarabağ müharibəsi isə balalarımızın qismətinə düşdü.
Sual: 50-ci illərdən çap olunmağa başlasanız da, ilk şer kitabınız 1970-ci ildə çıxıb. Onda sizin 23 yaşınız vardı. Bu mənada özünüzü daha çox hansı nəslə aid edirsiniz; altmışıncılara, yoxsa yetmişincilərə?..
R. Rövşən: 70-cilər nəsli şerdə də, nəsrdə də bir çox parlaq istedadlar yetirməsinə baxmayaraq, ədəbiyyat tariximizdə bir qədər 60-cıların kölgəsində qalsa da, mən qətiyyən 60-cıların şöhrətinə şərik çıxmağa ehtiyac duymuram və özümü yetmişincilər nəslinə aid edirəm. 50-ci illərdə Stalinin ölümüylə “türmə sosializmi” öz ömrünü başa vurdu. 60-cı illər, o türmədən çıxan insanların bu qəfil azadlığın havasından bir az sərxoş ola-ola, daşlı-kəsəkli, tikanlı-çiçəkli bir yolla irəliləməsinə bənzəyirdi. Azadlığın bu gözəl və bəxtəvər sərxoşluğu o vaxt ədəbiyyata gələn cavan qələm sahiblərinin yazılarında da açıq-aydın duyulurdu. Məncə, bu yol, 68-ci ildə sovet qoşunları Çexoslovakiyaya soxulandan sonra bataqlığa dirəndi. 1969-cu ildə Azərbaycanda, bir az sonra Gürcüstanda hakimiyyətə “güclü əllər” gətirildi, açıq qapılar üzümüzə çırpılıb örtüldü və mənim ilk kitabımın çap olunduğu 70-ci ildə, əslinə qalsa, bizim ədəbi nəsildən ötrü azadlığın kitabı bağlandı. Bu mənada, bir məşhur filmin adını yada salıb, altmışıncılar ədəbi nəslini əgər “Tikanlıqda şərqi deyənlər” adlandırmaq mümkündüsə, bizi, yetmişincilər nəslini “bataqlıqda şərqi deyənlər” adlandırmaq olar…
Sual: Haqqında danışdığınız 60-cı, 70-ci illərin bəl-kə də, ən böyük hadisəsi SSRİ-də yaranan və inkişaf edən dissident hərəkatı idi. Bizdə niyə bu hərəkat özünü o qədər də göstərə bilməyib. Yaxud belə deyək, ittifaq səviyyəli, dünyada tanınan dissidentimiz yoxdur.
R. Rövşən: Sualın özündə bir təəssüf duyulur. Amma olmayanımız üçün təəssüflənməyə dəyməz, olanımızın qədrini bilsək, bəsimizdi. Bir də ki, mən 70-ci illərdə Moskvada təhsil alanda bir çox rus dissidentlərini görmüşəm. Onların arasında sovet rejimiylə ürəkdən barışmayanlar, ruhən dissident olanlar da vardı, dissidentliyi özü üçün yaşamaq vasitəsinə, həyat tərzinə çevirənlər də. Təsadüfi deyil ki, o vaxtın bəzi məşhur dissidentləri sonralar ən qatı kommunistlərə və ya şovinistlərə çevrildilər. Mən bunu deyəndə təkcə Eduard Limonov kimilərini nəzərdə tutmuram. Yəni, o dövrün dissident hərəkatı çox rəngarəng idi, o hərəkatın ən aparıcı fiqurları olan Saxarovla Soljenitsın da bir çox cəhətdən bir-birinə qətiyyən uyuşmayan adamlar idi. Təəssüf ki, Saxarov SSRİ-nin dağılmasını görmədi.
Amma sovet imperiyasının dağılmasında müstəsna xidməti olan Soljenitsının qürbətdən qayıdıb ərazisi daralmış, büzüşmüş, balacalaşmış Rusiyaya ayaq basan kimi, bir vaxt Nobel mükafatı almış əsərlərində ifşa elədiyi o böyük, “qüdrətli” Rusiyanın xiffətini çəkə-çəkə qəribə bir imperiya ambisiyasıyla danışması çoxları kimi məni də təəccübləndirdi. Amma, başqa bir məşhur dissidenti, 60-cı, 70-ci illərdə Brejnev hakimiyyətinə qarşı barışmaz mövqe tutub bütün imtiyazlardan imtina eləyən , 1991-ci ilin avqustunda QKÇP çevrilişi zamanı Moskvada küçələrə çıxan insanlara qoşulub demokratiyanın müdafiəsinə qalxan gözəl musiqiçi M. Rastropoviçi 90-cı illərin ortalarında Bakıda, keçmiş Lenin, indiki Respublika sarayında Stalin və Brejnev məktəbinin əlaçı şagirdi olan Azərbaycan hökmdarının böyründə dayanıb xoşbəxt-cəsinə gülümsəyən görəndə mən qətiyyən təəccüb-lənmədim. Görünür, demokratiyanın siyasi, mənəvi, əxlaqi sərhədləri olduğu kimi coğrafi sərhədləri də var. Və Moskvada özünə rəva bilmədiyini Bakıda heç bir vicdan əzabı çəkmədən eləyə bilərsən.
Sual: Keçmiş SSRİ-nin tanınmış dissidentlərindən biri Vladimir Bukovski deyirdi ki, rus dissidentləri şəxsi insani azadlıqlar, başqa xalqların nümayəndələri isə milli suverenlik uğrunda mübarizə aparırdılar.
R. Rövşən: Sovet imperiyasının bir cəhəti vardı ki, orda çoxluq təşkil eləyən hakim xalq müstəmləkə xalqlardan qətiyyən yaxşı vəziyyətdə deyildi. Yəni, o dövrdə özümüzü bədbəxt, rusları xoşbəxt saymağımız, bəlkə də haqsızlıq olardı. Amma bununla belə, ən miskin küçə sərxoşundan tutmuş ən qabaqcıl ziyalılarına qədər, bir çox rusun canında bəlkə özlərindən də xəbərsiz qəribə bir imperiya ambisiyası, ağalıq iddiası vardı və bu iddia bəzən özlərindən ixtiyarsız bir sözlə, bir hərəkətlə pırtlayıb üzə çıxırdı.
Ümumiyyətlə, rus xalqı sovet rejimindən nə qədər əzab-əziyyət çəksə də, bu xalqın başının üstündə öz milli varlığını, dilini, mədəniyyətini itirmək təhlükəsi yox idi. Amma ruslardan fərqli olaraq biz özümüzü işğal olunmuş sayırdıq, dilimizi, dinimizi, milli kimliyimizi itirməkdən qorxurduq, eyni zamanda bir xalq kimi ikiyə bölünməyin faciəsini yaşayırdıq, haçansa birləşməyin, bütövləşməyin həsrətini çəkirdik. Bu dediklərimin hamısı ədəbiyyatımızda, xüsusən də, poeziyamızda öz əksini tapırdı və nəsil-nəsil bizdə milli azadlıq ruhunu formalaşdırırdı. Amma bu da həqiqətdi ki, fərdi azadlıq olmayan yerdə milli azadlıq ola bilməz.
Sual: 80-cı illərin sonunda başlayan milli-azadlıq hərəkatı 90-cı illərin əvvəllərində Azərbaycanın müs-təqillik qazanmasıyla nəticələndi. İndi biz azad bir ölkənin vətəndaşlarıyıq. Amma insanlarımızın sifətində bu müstəqilliyin, azadlığın sevinci o qədər də gözə çarpmır…
R. Rövşən: Hətta bir çoxlarının sifətində sevincdən daha çox peşimançılıq görünür. Təəssüflər olsun ki, “azadlıq” və “xoşbəxtlik” sözləri bir-birinin sinonimi deyil. Amma azad olmadan xoşbəxt olmaq qeyri-mümkündü. Yəni, xoşbəxtliyin yolu azadlıqdan keçir. Və bu gün xoşbəxt olmadığımıza görə bizim öz müstəqilliyimizdən, azadlığımızdan küsməyə haqqımız yoxdu. Çünki bir xalq kimi öz azadlığımızı öz xoşbəxtliyimizə çevirə bilmiriksə, biz yalnız özümüzdən küsə bilərik…
Sual: Bu gün çoxları azad və müstəqil Azərbaycanda avtoritar rejimin hökm sürməsindən gileylənir. Bəlkə bizim bir xalq kimi demokratiyaya hələ hazır olmadığımızı deyənlər haqlıdır?
R.Rövşən: Bütün ölkələrdə cavanlar üçün müəyyən bir nigah yaşı var; o yaşa çatmayanların evlənməsi qadağandır. Amma bu dünyada xalqlardan ötrü müəyyən bir demokratiya yaşı yoxdur. Və hansısa xalqların guya demokratiyaya hazır olmadığını demək siyasi irqçilikdən başqa bir şey deyil.
Amma məsələ bundadı ki, bizim xalqın demokratiyaya hələ o qədər də hazır olmadığını daha çox bu gün Azərbaycandakı iqtidar sahibləri deyir. Onların fikrincə, qərb ölkələrindəki demokratiyanın səviyyəsinə çatmaq üçün biz uzun bir yol keçməliyik. Və bu yolu keçəcəyimiz bütün müddət ərzində yəqin onlar bizə rəhbərlik etmək fikrindədilər. Amma onlar hakimiyyətdə qaldıqca biz heç cür bu yolun sonuna gedib çata bilməyəcəyik. Çünki bu yolun sonu onların hakimiyyətlərinin sonu deməkdir.
Söhbətləşdi:
Vahid Qazi
Ramiz Rövşən
Azərbaycansayağı hannibalizm və ya hakimiyyət süfrəsi
Bizdə çoxları hannibalizmi “adamyeyənlik” kimi başa düşür. Hətta lüğətdə də belə yazılıb. Amma hannibalizm təkcə insanlara aid deyil. Əslində, insanqarışıq yer üzündəki bütün canlıların yalnız öz növündən olanları yeməsi hannibalizm sayılır. Yəni, canavar quzunu, ilan qurbağanı, pişik sıçanı yeyirsə, bu çox təbiidi. Amma canavar canavarı, ilan ilanı, pişik pişiyi yesə, bu hannibalizmdi. Və hətta pişik öz balasını çox istədiyindən yesə də, bu, yenə hannibalizmdən başqa bir şey deyil.
Amma hannibalizm təkcə bioloji yox, ideoloji, milli, siyasi, ədəbi və sair formalarda da ola bilər. İrili-xırdalı hər bir dövlətdən və millətdən ötrü hannibalizmin ən qorxulu və faciəli forması, heç şübhəsiz ki, Vətəndaş müharibəsidi.
Azərbaycan xalqı iyirminci əsrdə hannibalizmin sadaladığım və sadalamadığım bir çox növlərini görüb. Son on ildə də, ən azı iki dəfə Vətəndaş müharibəsinin lap qarşısında dayanmışıq, amma qana bulanmış kəndardan içəri ayaq basmamışıq.
Məsəl var ki, şər deməsən xeyir gəlməz. Bəlkə də, bizi öz aramızda müharibə eləyib bir-birimizi qırmaqdan qoruyan erməniylə müharibə eləməyimizdi. Yəni, bizi Vətəndaş müharibəsindən qoruyan Vətən müharibəsidir. Şəhər və kəndlərimizi viran qoyan, adamlarımızı ev-eşiyindən didərgin salan, bizi yorub gücsüzləşdirən bu müharibəylə yanaşı, hələ bir öz aramızda da ölüm-dirim savaşına çıxmağa sadəcə heyimiz yoxdu. Ona görə də, neçə illərdi ki, ölkəmizdə Vətəndaş müharibəsi yox, “Vətən+daş” müharibəsi gedir. Yəni, bir yandan erməniylə top-tüfəng davası eləyirik, bir yandan da, bir-birimizlə dalaşmaqla məşğuluq. Siyasətçi siyasətçini, yazıçı yazıçını, müğənni müğənnini daşlayır. Daş atıb bir-birinin başını yarmayanlar da, ən azı bir-birinin bostanına daş atırlar.
(Söhbətin bu yerində qələmi bir balaca saxlamalı oldum. Sözün düzü, belə məsələdən bü cür yarızarafat tonunda danışmaq mənə bir az yersiz göründü. Deyirlər ki, “Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır”. Bu mənada, biz yəqin bəşəriyyətdən seçilirik; biz öz keçmişinə gülməyi heç vaxt ağlına gətirməyən, amma bu gününə və hətta gələcəyinə gülməkdən xüsusi zövq alan bir millətik. Biz yüz illər bundan əvvəl olmuş Babəkin, Şah İsmayılın, Koroğlunun və ya Qaçaq Nəbinin ünvanına deyilən hər hansı ikibaşlı sözü az qala şəxsi təhqir kimi qəbul elədiyimiz halda, hələ bitməmiş, ən ağır döyüşləri bəlkə də qarşıda duran, yanıb xaraba qalmış yurd yerlərinin hələ də tüstünləndiyi, minlərlə əlil cavanlarımızın yaralarının hələ də qan verdiyi, yüzlərlə qız və gəlinlərimizin erməni əsirliyində hər gün alçala-alçala bizim yolumuzu gözlədiyi bu VƏTƏN MÜHARİBƏSİNİ ələ salıb dolamaqla, anekdota çevirməklə məşğuluq. Nə isə. Burda üç nöqtə qoyub mötərizəni bağlayaq).
İnsan üçün şərəf və ləyaqətin, ailə namusunun, vətən qeyrətinin nə demək olduğunu hamı bilir; hətta şərəf və ləyaqətdən, namus və qeyrətdən kasıb olanlar da.
Amma “peşə namusu” nə deməkdir? Bu suala düzəməlli cavab verməyə yəqin çoxları çətinlik çəkər; o cümlədən, hətta öz peşəsinin ustası olanlar da. Halbuki, peşə namusunun ən birinci şərti məhz elə öz peşəsinin ustası olmaqdı. Pis şer yazan şairin, pis şəkil çəkən rəssamın, hətta pis paltar tikən dərzinin də, peşə namusundan danışmağa haqqı yoxdu.
Və hər şey azdan çoxa, təkdən cəmə, fərdidən ümumiyə gedirsə, demək öz şərəf və ləyaqətini, ailə namusunu qoruya bilməyən adam vətən qeyrəti də çəkə bilməz.
Bu sözlər eynilə peşə namusunu qoruya bilməyənlərə də aiddi.
Bu adi həqiqəti heç olmasa özünə şair deyənlərin çoxu bilsəydi, vətən haqqında yazılmış ucuz və istedadsız şerlərin sayı bu qədər olmazdı.
Amma bizdə şerin və şairin qiyməti heç vaxt istedadın dərəcəsiylə ölçülməyib.
Yadımdadı, cavanlıqda, bütün qapılar bizim, guya “həlləm-qəlləm yazan şairlərin” üzünə bağlı olanda, bizə təskinlik verənlərin bir məşhur sözü vardı, “İstedadlılara kömək eləmək lazımdı, istedadsızlar onsuz da özləri-özlərinə yol açacaqlar”.
Amma o qədər istedadsızın arasındakı tünlükdə, basabasda tək-tük istedadlılara kömək eləmək çox çətin idi.
Və bu istedadsızlar sürüsü o tək-tük istedadlırarı yıxıb, tapdalayıb, onların sınmış qabırğaları üstündən keçib özlərinə yol açırdılar. Hətta imkan olanda, onların axırına çıxmaqdan da çəkinmirdilər.
Bu mənada, ağzı qanlı otuz yeddinci il həm siyasi, həm də ədəbi hannibalizm dövrüydü. Və o dövrdə Cavidi, Müşfiqi, Əhməd Cavadı söyə-söyə ölümə göndərən bir çox qələm yoldaşlarımızın da azca sonra eyni yolu keçib həmin o Ölüm maşınının təkərləri altında məhv olması çox təbiiydi. Çünki onlar təkcə eyni peşədən olan sənət adamları üçün yox, hətta eyni növdən olan bütün canlılar üçün ən vacib sayılan bir keyfiyyəti itirmişdilər; özünü və bir-birini qoruma instinktini.
Bir məşhur lətifəni yadınıza salmaq istəyirəm: Dovşan meşəylə başıalovlu qaçırmış. Soruşurlar ki, nə olub, niyə qaçırsan? Deyir ki, bəs meşəyə qulaqkəsənlər gəlib, dovşanları tuturlar, hansının üç qulağı varsa, kəsirlər. Deyirlər, sən niyə qorxursan? Sənin ki, qulağın ikidi. Qaça-qaça deyir ki, yox, əvvəl kəsib, sonra sayırlar.”
Sovet dövrünün sənətkarları haqqında ən yaddaqalan sözü mən yetmişinci illərdə, Moskvada oxuduğum vaxt, müəllimim, dahi rus kinorejissoru Andrey Tarkovskidən eşitmişəm. Tarkovski deyirdi: “Bizim sənətkarlar istəyirlər ki, hər şeyləri olsun. Gözəl evləri, bağları, pulları, maşınları, qəşəng arvadları, arvadlarından da qəşəng məşuqələri. Hələ üstəlik, istəyirlər ki, istedadları da olsun, əbədi, ölməz əsərlər də yaratsınlar. Amma unudurlar ki, Allah bunların hamısını bir yerdə adama verməz. Nəyinsə xatirinə nədənsə imtina eləməlisən…” Tarkovskinin dediyi o sənətkarların nəyin xatirinə nədən imtina etdikləri hamıya məlumdu. Amma sovet rejimi dağılanda o da məlum oldu ki, bu adamların qazandıqlarının da heç dəyəri yoxumuş.
Sovet pulu devalvasiyaya uğrayıb min dəfələrlə qiymətdən düşdü və bu adamların başdan-ayağa yalanla dolu kitablardan, filmlərdən, tamaşalardan qazandığı pullar beləcə öldü. Onların arvadları kasıbçılıq içində qocalıb yaraşıqdan düşdülər. Məşuqələri onları atıb yeni dövrün yeni varlılarına üz tutdular. Və bu qocalmış, istedadsız sənətkarlar, əvvəlki təmtərağını itirmiş köhnə, təmirə möhtac evlərdə, iş görməyə öyrənməmiş pinti və səliqəsiz arvadlarıyla, heç kəsin oxumadığı, özlərindən qabaq ölmüş kitablarıyla baş-başa qaldılar.
İndi boyunlarına alsalar da, almasalar da, sovet rejiminin dağılması Azərbaycanda da bir çox ziyalılar və yazıçılar üçün böyük faciəydi. Çünki bu adamlar ürəklərində sovet hakimiyyətinə elə dərin bir məhəbbət bəsləməsələr də, yenə bütün arzu və ümidləri onunla bağlıydı. Sovet rejiminin dağılması, həm də, bu arzu və ümidlərin puç olması deməkdi. Bütün ömürləri hakimiyyətdən nəsə almaq uğrunda bir-biriylə mübarizə və intriqalarda keçmiş bu adamların ayağının altından sanki birdən-birə yer qaçmışdı.
Sonrakı illərdə tez-tez dəyişən hakimiyyətlərə uyğunlaşmağa macal tapmaq da çətin idi.
Və nəhayət, bu adamların çoxdan tanıdığı və bu adamları çoxdan tanıyan şəxs hakimiyyətə gəldi; bir-birini itələyə-itələyə hakimiyyət süfrəsinin başında özlərinə yer eləyə bilənlərin ağzı dada çatdı.
İndi o adamlara baxanda, mənim yadıma Başqırdıstanın xalq şairi Mustay Kərimin oğlu İlgizin azı iyirmi beş il bundan əvvəlki bir söhbəti düşür. İlgiz danışırdı ki, qırx beşinci iliydi, müharibə təzə qurtarmışdı, aclığıydı. Anam alaçığın böyründə ocaq qalamışdı, bir qazan suyu da qoymuşdu ocağın üstə qaynamağa. Biz uşaqlar da dörd tərəfdən o qazanın böyrünü kəsdirib durmuşduq. Çünki anam o qazana hərəmizdən ötrü bir tikə ət atmışdı, hər tikənin ortasına da sap bağlayıb bir ucunu vermişdi əlimizə. Hər birimiz də öz sapımızın ucundan bərk-bərk yapışıb, qazandakı o ət tikələrinin bişməyini gözləyirdik; hərə öz payına keşik çəkirdi.
Müharibədən sonrakı Başqırdıstanla bugünkü Azərbaycan arasında oxşar cəhətlər yəqin o qədər də çox olmaz, amma nədənsə, bu gün hakimiyyət süfrəsinin başında əyləşən ziyalılarımız, mənə əlində sap, qazanın böyrünü kəsdirib duran o ac-yalavac başqırd uşaqlarını xatırladır. Bəs sap qırılsa, onda necə?!
“III Sektor” jurnalı, Yay 2003