Rafiq Əliyev: “Ruhlar şəhəri” kitabına son söz

Rafiq ƏLİYEV, professor

QİYAMƏTƏ QALMIŞ 4 DƏQİQƏ

 Gənc dostum Vahid Qazi! “Ruhlar şəhəri“ni ərsəyə gətirdiyin üçün sənə təbrikdən çox təşəkkür düşür. Bu kitab yumruq boyda  ürəkdə Qarabağın, Ağdamın özü boyda kədər gəzdirənlər üçün, qəlbi yurd həsrətilə çalın-çarpaz dağlanmiş, amma hər an ağdamlı kimi ucadan-uca qürur hissi yaşayan və yaşadan, Ağdamı qibləgahı sayan yüzlər, minlər, onminlər üçün həm təsəlli, həm də Ağdamın, bütöv Qarabağın azadlığına bir çağırışdır. Səni əmin etmək istəyirəm ki, bu çağırışa qonşulanların birincisi mən olmaq istərdim, mənim kimilər isə minlərlədir…

Kitabının ayrı-ayrı fəsillərini mətbuatdan oxumuşam. İmzanı tanıyırdım, şəxsən özünü yox (hər ikimiz Ağdamda 1 nömrəli məktəbi bitirmişik, amma aramızda xeyli yaş fərqi var). Qələminin sadəliyinə və gücünə, janr orijinallığına, doğma torpağa olan məhəbbətinə, bir də intellektinin miqyasına heyran oldum. Bir kitabın təqdimat mərasimində (sağ olsun hörmətli yazarımız Laura Cəbrayıllı) yaxınlaşıb Səninlə tanış oldum. Yazıların haqqında fikirlərimi söylədim. Toplayıb, ümumiləşdirib kitab kimi çap etdirəcəyini dedin.

İndi həmin kitaba son söz yazıram.

Əziz dostum! Sən məni (tək mənimi?..) xəyalən Xudu Məmmədovun, Famil Mehdinin, Fred Asifin, başqalarının nigaran ruhları dolaşan, həqiqi Apokalipsis yaşamış qibləgahım Ağdama apardın. Sən məni Ağdamın mərkəzində, Uzundərədə 5 min igid əsgərin uyuduğu qəbiristanlığı ziyarət etdirdin. Sən məni 26 fevral 1992-ci ildə əzizlərinin meyitlərini axtaran Xocalı əhlinin naləsinə, Ağdam Mədəniyyət Evinin, məscidin qarşısındakı meydanlara apardın. Cəmi iki həftədən sonra tüstüsü, alovu ərşə qalxan Ağdam Ticarət Mərkəzinin qənşərində dayandığım (mərhum şair Famil Mehdi ilə) yerlərə apardın (o vaxt duya bilmədik: mənim, Famil Mehdinin alovu daha yüksəklərə qalxmışdı, yoxsa yanan Ağdamın?..).

Bir az nikbin notda danışsam (nikbinliyə yer qalıbmı?..), sən mənə Ağdamın düz mərkəzindəki Məhəbbət bulağından su içmək fürsəti yaratdın (bu bulaq 50-ci illərin bulağı idi, itmişdi, mərhum Aydın Quliyev bizə qaytardı, yenə qayıdacağına ümidim var…). Onu  da deyim ki, Hafizin azan yazılmış kasetini də ilk dəfə o mənə bağışlamışdı.

Sən məni 50-60-cı illərdəki bütün əlyazmalarımın itdiyi Voroşilov (sonralar Xudu Məmmədov) küçəsindəki evimizə apardın (bu evdə mənim itkilərim tək əlyazmalarım olmadı, adamlar oldu, adamlar…). Sən məni dünyanın ən əzəmətli universitetlərinin – Berkli, Vaşinqton, Pekin, Toronto, Ziqen və başqalarının (Rafiq müəllim bu universitetlərdə mühazirə oxuyur. ABŞ-ın Corciya Dövlət Universitetinin, Almaniyanın Zigen Universitetinin, Şimali Kiprin Yaxın Doğu Universitetinin və Təbriz Universitetinin professorudur – redaktor) auditoriyalarından daha uca tutduğum 1 nömrəli məktəbin 2-ci mərtəbəsindəki 10 “a” sinfində oturtdun. Süsən müəllimə ədəbiyyat dərsi aparırdı, mən şagird idim…

Ağdam Ulu Tanrının qüdrətindən yaranmış, Azərbaycana, böyük Türk dünyasına, bütün dünyaya böyük şəxsiyyətlər, sənət və elm adamları bəxş etmiş bir diyardır. 1998-ci ilin payızında ABŞ-da, Atlanta şəhərində Corciya Dövlət Universitetində dərs deyərkən bir mötəbər tədbirə dəvət olunmuşdum. Hava isti olduğundan tədbir böyük bir həyətdə keçirilirdi. Görüşdə dünyanın onlarla ölkəsindən (ABŞ, Almaniya, Əlcəzair, İran, Kanada, Hindistan və s.) alimlər, praktiklər, mütəxəssislər iştirak edirdi.

Tədbir axşam saat 20-dən tutmuş səhər saat 5-dək davam elədi. Dünya xalqlarının musiqisindən nümunələr  təqdim olunurdu. Qəflətən bir qüvvə məni odu ilə yandığım, illər boyu həsrət qaldığım Qarabağ, Ağdam göylərinə apardı. Bu, Mənsum İbrahimovun səsi idi. Çevrilib monitora baxanda Mənsumu gördüm, Cabiri gördüm, Nəzakəti, Aygünü gördüm. Bu musiqi fraqmentini ″Sən bir nəğmə, mən bir nəğmə″ verilişindən bir iranlı professor kompüterə yazmışdı və o tədbirdə səsləndirirdi. Saydım, on barmağım kifayət eləmədi, düz 11 dəfə həmin fraqment təkrar olundu. Fəxr etdim, qürur duydum Mənsum, onun dostları üçün, Qarabağ üçün, Azərbaycan üçün. Mənim azərbaycanlı olduğumu bilənlərin bir sualı vardı – bu ecazkar səs hardandır? Torpaqdan, sudan, yoxsa… Tanrıdan?

Sənin “Playing Baseball on the Chessboard: Thoughts about Genocide” (Şahmat taxtasında beysbol: genosid düşüncələri) adlı məqaləni internetdə gördüm. Qarabağ haqqında oğlunla dialoq çox ibrətamiz və kəskin idi. Məni həm də seçdiyin janr və səlis ingiliscə valeh elədi. O yazını dünyanın müxtəlif ölkələrinə, xüsusən tanıdığım alimlərə, sənət adamlarına göndərdim. Bu yazının yayılma sürəti, ona verilən qiymətlər məni çox sevindirdi. Qarabağ, Ağdam, Xocalı faciəsinin tanınmasında ağdamlı müəllifin (elə Ağdamın da ) zəhmətinin dünyada qiymətləndirilməsindən qürur duymamaq olarmı?

Azərbaycan da dünyanın bir parçasıdır. Bizim dünyamız qalaktikalar içərisində balaca bir gəmidir. İndi bu gəmidə böyük bir hüzursuzluq var. İnsanlar bir-birlərini eşitmək istəmirlər. Adəmdən bu yana yalan, şər, haram üstündə duran bütün qarşıdurmalarda İblisin dəsti-xətti açıq görünür. Dünyanın mənəvi entropiyası çoxalıb. Entropiya artanda dağılma ilə nəticələnir. Bircə alternativ var. Bu alternativ də odur ki, insanlar bir-birlərini eşitməyi  bacarmalıdırlar. İnsanlar deyəndə tək fərdləri yox, xalqları da nəzərdə tuturam. Dünya heç vaxt qiyamətə bu qədər yaxın olmayıb. İnsanların borcu odur ki, dünyanı bu təhlükədən qurtara bilsin. Bir ölkənin miqyasında çətin ki, dünyanın xilası üçün nəsə etmək mümkün olsun.

Amerikalı fiziklər mücərrəd bir saat düzəldiblər, adı „dünyanın axirət saatı“dır. O saatda 12-yə 5 dəqiqə qalıb, 23:55. Bu 5 dəqiqədə gəmini batırmaq da, etibarlı bir yola çıxarmaq da olar. Bu gün əllərdəki silahlar dünyanı 500 dəfə dağıtmağa kifayət edər. Elm, əfsuslar olsun ki, insandan daha çox müharibələrə və təbiətin məhvinə xidmət edib. Enerjimiz tükənib, bütün müharibələr enerji uğrundadır. Enerji mənbəyi tapmışıq, bəs onu hara istifadə edirik? Atom, hidrogen bombası hazırlamağa. Ümumibəşəri əxlaqımız yüksək olsaydı, gəmimizdə bir hüzur olardı. Əxlaqımız isə tısbağa sürəti ilə inkişaf edib.

Sənin kitabının əlyazmasını oxuyub qurtarandan sonra bu qənaətə gəldim ki, indi həmin saatın böyük əqrəbi bir dəqiqə irəli çəkilməlidir: 23:56.

Mən 1989-cu ildə bir yazımda göstərmişdim ki, Qarabağ problemi SSRİ-nin dağılmasına aparan yoldur. Qloballaşan dünyamızda bu tarixdən ibrət götürmək lazımdır. Yer adlı kosmik gəmimizdə pozulmuş ilahi düzüm nizamlanmalıdır, insanın yaşaması üçün tövbə, barışıq və anlaşmadan başqa  yolu yoxdur. Qiyamətə qalmış 4 dəqiqənin içərisində dünya və biz başa düşməliyik ki, insanlığı xilas etmək üçün ilk növbədə Qarabağ, deməli həm də Ağdam azad olmalıdır…

Ağdamın – Ruhlar şəhərinin və onun sakinlərinin azadlığı arzusu ilə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma