Qara çörəyin ağ üzü
(Vitautas Landsbergis haqda)
“Yaddaş ləpirləri” silsiləsindən
Vahid Qazi
Nə qədər haqlı olmasına baxmayaraq səmimi deyilməyən sözü qəbul etməməyim, yəqin ki, şərqli emosionallığımdan gəlir. Sevgisiz, hətta nifrətlə deyilən haqlı sözü qəbul edənlər də var. Mən belələrindən deyiləm. Mənə təsir etmək üçün haqlı söz demək azdır, o, həm də səmimi olmalıdır. Sözün həm HAQLIsını, həm də SƏMİMİsini deyin, nə qədər acı və ağır olsa belə, qəbul edəcəm. Əmin olun!
Ötən həftə Avropa Parlamentində qəbul olunan “Azərbaycanda ifadə azadlığı haqqında” qətnaməni bu cür qərarlara qarşı çoxdan peyvənd olunmuş cəmiyyətimizin bir üzvü kimi “gözümün ucu” ilə oxuyacaqdım. Çoxsaylı beynəlxalq təşkilatların və ya belə qurumların təmsilçilərinin Azərbaycanda insan hüquqları, söz azadlığı, korrupsiya və sair haqda bəyanatları daha tükümü də tərpətmir (çoxu səmimi olmaması səbəbindən); o qədər kəsərsizdirlər ki, o boyda yolu gəlib mənə çatanda heç kəpənək qanadlarının mehini yaratmağa belə heyi qalmır. Amma bu dəfə belə olmadı…
***
Polşa Seyminin üzvü, senator Zbiqnev Romaşevski Şərqi Avropa Demokratiya İnstitunun (İDEE) təşkil elədiyi konfransdan sonra iştirakçılardan bir qrupunu evinə dəvət edən axşamı küçə lampaları qar dənələrini yaydan çıxan ox kimi Varşavanın qaranlığına sancırdı. Əliboş getməmək üçün səfər torbasından “Gəncə” konyakını bəxtəvər təbəssümlə çıxaranda onun neçə gündür açılmamasına təəccübləndiyim qədər də sevinirdim. Bir oteldə qaldığımızdan senatorun mənzilinə də eyni vaxtda çatdıq. Alaqaranlıq otağın küncündəki neçə əsrdənsə qalma kamodun üstündə mənim “Gəncə”mlə yanaşı sıralanan çex “Becherovka”sı, gürcü “Xvançkara”sı, Belarus vodkası, qırğız “Kırqızıstan”ı … və bir buxanka qara çovdar çörəyi natürmortu xatırladırdı.
Maraqlı söhbətlər, siyasi lətifələr, müdrikanə sağlıqlar bir-birini əvəz edirdi. Kimi Mordva həbs düşərgəsində qoşduqları siyasi lətifəni danışır, kimi Çili kommunistlərinin lideri Luis Korvalanla dəyişdirilərək SSRİ-nin vərəm qoxulu qaranlıq məhbəs küncündən azad dünyanın qoynuna atılan dissident Vladimir Bukovskiyə bəxtəvərlik verdiyi günləri xatırlayırdı. Başqa birisi də kommunist ölkələrinə gedən qatarların açıq pəncərəsindən içəriyə siyasi ədəbiyyat tullamasından xüsusi ləzzətlə söz açırdı.
Bütün söhbətlər fırlanıb arılar kimi bir pətəyə yığışırdı – ana mövzu kommunizmin xalqlara vurduğu yaralar və kimin yarasının daha dərin olması idi. Bu xüsusda hərənin öz versiyası vardı. Həmin vaxt Belarusun künc-bucağını təzəcə gəzib gəlmişdim. “Zerkalo” və “Avropa” qəzetlərində dərc olunan “Ağ Rusiyanın qara taleyi” adlı məqaləmin istisi hələ soyumamışdı. Odur ki, əminliklə kommunizmdən ən çox zərər çəkənin Belarus xalqı olduğunu deyib bu ölkədə yaşlılardan, vətənpərvər ziyalılardan eşitdiyim tükürpədən hadisələrdən söz açırdım.
O, elə bu vaxt, əlində matah Argentina şərabı, pay gətirdiyi qara çovdar çörəyinin rəngində olan güncdən çıxıb mənə yaxınlaşdı. Yalnız çənədə saxladığı, üzündəki Avropa aristokratlığını daha da artıran qısa ağ saqqalına tumar çəkib, mehriban səslə dedi: “Ay mənim bakılı dostum, hamımız kommunizmdən ağır yaralarla çıxmışıq. Məgər siz azərbaycanlılar qədər dərin yaraları olan varmı?”
Sözünün eşidənlərin marağına səbəb olduğunu görüb davam elədi: “Amma bu yaraları sağaltmaq üçün ən yaxşı şans da elə sizdədir. Bu şansdan yararlanmaq bacarığınızı göstərməyə imkanınız hamıdan çoxdur”.
Sonra pianonun arxasına keçib özünün yeni bəstələdiyi musiqiylə gecənin qara bağrına şəfəq sancdı, parlaq çöhrəsindən hər yana nur çilədi. Piano dillərinin çıxardığı səsin məlhəm kimi axıb ürəkdə qana qarışdığını həm görür, həm də eşidirdim. Hamı iki dünya arasındakı qəribə mühitə düşmüşdü.
…Avropanın nüfuzlu idealist demokratı, məşhur “Sayudis” hərəkatının qurucularından biri, Litvanın keçmiş dövlət başçısı, Avropa Parlamentinin 77 yaşlı üzvü Vitautas Landsbergis ötən həftə Avropa Parlamentində qəbul olunan “Azərbaycanda ifadə azadlığı haqqında” qətnamə ilə bağlı ehtiyatla, dostyana bu sözləri deyib: “Qısa müddət ərzində Azərbaycanda vəziyyətin pisləşməsini göstərən xeyli hadisə baş verib və bu, Azərbaycanın Avropa Birliyində formalaşan yaxşı imicinə ziyan vurur. Biz Azərbaycanı daimi inkişaf prosesində görmək istərdik. Çox istərdik ki, Azərbaycan bütün məsələlərdə, o cümlədən, media azadlığı sahəsində Avropa Birliyinə yaxınlaşsın. Əgər bu standartlara əməl olunmursa, biz bu barədə iradımızı dostlarımıza bildirməliyik. Azərbaycanda qanunların tətbiqi məsələsində Rusiyadakı vəziyyəti xatırladan çoxlu hadisə baş verir. Azərbaycan seçim etməlidi: daha çox Rusiyaya oxşamaq istəyir, yoxsa avropalı olmağa çalışır?”
O, soyuq Varşava gecəsindəki kimi HAQLI və SƏMİMİdir, dedikləri nə qədər ağır və acı olsa da. Buna kiminsə şübhəsi varmı?
21 Dekabr, 2009
QEYD: Esse litov dilinə tərcümə olunaraq Litva mətbuatında dərc edilib.