Levan Berdzenişvili: “Gürcü inqilabı demokratiyanın ikinci dalğasıdırmı?”
Keçmiş sovet dissidenti, hazırda Gürcüstan Milli Kitabxanasının direktoru, Tbilisi Universitetinin dosenti və nəhayət, yeni seçilmiş parlamentin üzvü Levan Berdzenişvilini çoxdan tanıyıram. Onun sədri olduğu Beynəlxalq Vətəndaş İnkişafı Mərkəzi Plüralizm Mərkəzləri Şəbəkəsində Gürcüstanı təmsil edir və biz uzun illərdir bu şəbəkənin toplantılarında görüşürük. O, latın dilində danışan azsaylı gürcü intellektuallarındandır. Atası sovet dövründə Abxaziyanın prokuroru işləyib. Özü isə qardaşı Davidlə birgə 80-ci illərin əvvəlində siyasi baxışları və dissident fəaliyyətinə görə Mordvaya, həbs düşərgəsinə sürgün edilib. Onlar həbsdən sonra da siyasi fəaliyyətlərini davam etdiriblər. David 1991-ci ildə parlament üzvü kimi Gürcüstanın müstəqillik aktına imza atıb. Prezident Eduard Şevardnadzenin hakimiyyəti illərində hər iki qardaş müxalifətdə olub. Son parlament seckilərində qardaşlar Saakaşvilinin rəhbərlik etdiyi blokun tərkibində deputat seciliblər.
Levanla son dəfə bu ilin fevralında Cənubi Afrika Respublikasının Durban şəhərində kecirilən Demokratiya uğrunda Ümumdünya Hərəkatının 3-cü Assambleyasında görüşdük. Ölkələrimizdəki son hadisələr, bizdəki prezident seçkisi və ondan sonrakı siyasi durum, Gürcüstanda baş vermiş tarixi “məxməri inqilab” barəsində “III Sektor” jurnalı üçün danışmasını xahiş etdim. Onun gürcü inqilabı barədə söylədiyi bir cox fikirlər mənim üçün də yeni idi. Odur ki, başlığa çıxarılan yeganə sualı verdim və onun dediklərini diktafona yazdım.
V.Qazi
“OKTYABR AYINDA AZƏRBAYCANDA BAŞ VERƏN
MƏLUM OLAYLARDAN GÜRCÜSTANDA HAMI DƏRS ALDI”
Gürcüstanda baş verənlərə diqqətlə nəzər salsaq, burada yerli proseslərdən daha çox dünyada gedən proseslərin rol oynadığını görə bilərik. Buna görə də oxşar hadisələrin keçmiş Sovet İttifaqının və keçmiş kommunist blokunun digər ölkələrində də təkrarlana biləcəyilə bağlı fikirlər heç də əsassız deyil. Mən bu proseslərdə yalnız gürcü və ya sırf gürcü maraqlarının təmin edilməsini görmürəm. Amma şübhəsiz ki, biz gürcülər üçün korrupsiyaya qarşı mübarizəyə başladığımızı, proseslərin önünə düşdüyümüzü, yaltaqlığa öyrəşmədiyimizi dərk etmək qürurverici bir hissdir. Bizim belə unikal olduğumuzu fikirləşmək özümüzü aldatmağımız olardı. Həm cəmiyyət, həm də siyasətçilərimiz regiondakı rolumuzun nədən ibarət olduğunu, inkişafın hansı mərhələsinə qədəm qoyduğumuzu, qonşularımızın – Azərbaycan, Ermənistan, Rusiya və Türkiyənin hansı inkişaf mərhələsini yaşadıqlarını yaxşı bilir. Bunları nəzərə alıb, bütün mənfi və müsbət cəhətləriylə birlikdə bütünlükdə regionun təxminən eyni səviyyədə olduğunu demək mümkündür. Haradasa neft, haradasa söz azadlığı çox ola bilər, amma ümumilikdə bu azadlıqların tətbiqi və region xalqlarının bu azadlıqları nə cür anlaması formaları arasında mən elə bir ciddi fərq görmürəm. Demək olmaz ki, məsələn, Gürcüstanda baş verən hansısa bir hadisənin Ermənistanda və ya Türkiyədə təkrarlanması qeyri-mümkündür. Bunları nəzərə alaraq mən sizin “Bu hadisə regionda demokratiyanın yeni dalğasıdırmı sualınıza müsbət cavab verməliyəm. Bəli, bu, bir növ, demokratiyanın yeni dalğasıdır. “Qızılgül inqilabı” təkcə Ermənistan, Azərbaycan, Rusiya kimi keçmiş Sovet İttifaqı ölkələri üçün yox, hətta deyərdim ki, Türkiyə üçün də böyük əhəmiyyət daşıyır.
Gürcülər onların ümidlərini puça çıxaran, seçkidəki qələbələrini oğurlayan, işıqlarını, qazlarını, maaşlarını kəsən bir hakimiyyətə «yox» dedilər. Biz yaşadığımız regionda bu cür inqilabın baş verməsinin mümkün olduğunu göstərməklə tarixdə yeni səhifə açdıq. Ancaq mən deyərdim ki, bu yeni səhifəni biz birlikdə açmışıq. Əgər bizdən əvvəl Azərbaycanda, xüsusilə də oktyabrın ortalarındakı hadisələr baş verməsəydi, Ermənistanda qəribə seçkilər keçirilməsəydi, qeyri-siyasi təşkilatlar səviyyəsində görüşlərimiz olmasaydı, biz, çətin ki, belə uğur qazana bilərdik. Oktyabr ayında Azərbaycanda baş verən məlum olaylardan Gürcüstanda hamı dərs aldı. Hakimiyyət fikirləşirdi ki, əgər Azərbaycanda belə bir şey mümkündürsə, deməli, onu Gürcüstanda da həyata keçirmək olar. Çünki həm sizin, həm də bizim hakimiyyət xalqlarımızın bir-birindən o qədər də fərqlənmədiyi qənaətindəydi. Bu mənada bizim hakimiyyət Azərbaycanda baş verən hadisələrin Gürcüstanda da təkrarlana biləcəyini düşünməklə yanılırdı. Çünki Gürcüstanda çoxdandır xalqla repressiyalar diliylə danışmaq keçmir.
Əslində isə biz Gürcüstanda istənilən an həm Azərbaycanda, həm də Ermənistanda cərəyan etməsi mümkün olan hadisələrin şahidi olduq. Gürcüstanda hakimiyyət və xalq arasındakı qüvvələr nisbəti böyük fərqlə xalqın xeyrinəydi. Ona görə də biz 10-0 yox, 20-0-lıq bir qələbə əldə etdik.
…Mən Putinin bu məsələylə bağlı dəyərləndirməsindən azərbaycanlıların xəbəri olub-olmadığını bilmirəm. Amma Putin məlum olaylardan sonra Gürcüstan prezidentinin səlahiyyətlərini icra edən xanıma – Nino Burcanadzeyə – Gürcüstandakı inqilabın MDB ölkə başçılarının şalvarlarını batırmalarına səbəb olduğunu deyib. Əlbəttə ki, bunu prezident səlahiyyətlərini daşıyan qadın və kişi arasında taktiki bir söhbət də saymaq olar. Bundan sonra arada pərtlik yaranıb. Bizim təmsilçimiz bu sözdən heyrətə gəlib. Amma hər halda mənə elə gəlir ki, Putin məsələni çox dəqiqliklə ifadə edib. O, dərhal hadisənin qlobal xarakterini anlayıb. Çünki bu məsələdə təkcə gürcü cəmiyyəti yox, bütün dünya – Soros Fondu da, amerikalılar da, azərbaycanlılar da, ruslar özləri də iştirak ediblər. Hamının burada az və ya çox rolu olub və buna görə də mən bunu tək bizim qələbəmiz saymıram. Bunu yerli hadisə kimi yox, qlobal hadisə kimi nəzərdən keçirmək lazımdır.
“…EH, BURADA BİR ŞEY OLAN DEYİL”
“Məxməri inqilabın” amerikalılar tərəfindən təşkil edilməsi fikri yanlışdır. Amerikalılar da inqilabdan ruslar qorxan qədər qorxurlar. İstənilən dövlət belədir. İnqilabı kim sevir ki? Yaxşı yadımdadır, Amerikaya fəxri qonaq qismində dəvət olunduğum zaman orada keçmiş siyasi dustaq olduğumu deyən kimi camaat məndən uzaqlaşdı. Demək istəyirəm ki, amerikalılar sizdən və bizdən fərqli olaraq, inqilab həvəsiylə alışıb yanmırlar. Bu proseslərdə Saakaşvili məhz özü-özünü siyasi heçlikdən çıxarıb fiqura çevirdi, əsəbi, impulsiv siyasətçi olduğuna görə haqqında formalaşmış yanlış beynəlxalq rəyi dəyişdirdi. O, mitinqlərin birində çıxış edərkən “Bizi tarixdən siliblər” demişdi. Doğrudan da Saakaşvilinin də, Gürcüstanın da üstündən xətt çəkmişdilər. Əllərini yelləyib, “Eh, burada bir şey olan deyil. Əvvəl-axır öz taleləriylə barışıb sakitləşəcəklər” demişdilər. Ona görə də biz göstərməliyik ki, beynəlxalq təşkilatların rəyi, beynəlxalq yardımın olub-olmaması bizim üçün heç bir əhəmiyyət daşımır. Biz özümüz öz gücümüzə arxalanmalıyıq. Və biz burada güc göstərən kimi haqqında danışdığımız adamlar yanımıza gəlib “Haqq-ədalət” sizin tərəfinizdədir dedilər. Bu insanları yaxından tanıya bilməniz üçün bir misal çəkim. Birləşmiş Ştatların bütün dünyada inqilabın təşkilatçısı və gürcü müxalifətinin dayağı kimi qələmə verilən Gürcüstandakı səfiri əslində inqilabın baş verməməsi üçün əlindən gələni edirdi.
O, hətta televiziyayla çıxış edib ekzitpolun tətbiqinin yanlış olduğunu da söyləmişdi. İnqilab isə məhz bu texnoloji üsulun tətbiqi sayəsində gerçəkləşdi. Biz xalqa kimin əsl qalib olduğunu göstərdik. Hakimiyyət isə əksinə, bizim qalib saydıqlarımızın qələbəsini inkar elədi. Və ekzitpolun nəticələri ilə seçkinin az-çox həqiqətə oxşayan yekun nəticələri arasında nəhəng ziddiyyət olduğu ortaya çıxdı. Ekzitpolun nəticələrinə görə, hakimiyyət parlamentdə bir yer belə almırdı. Yekun nəticələrə görə isə, hakimiyyət parlament çoxluğunu qazanmışdı. Xalq bu iki nəticəni tutuşdurub televiziyanın birinci kanalının, Şevardnadzenin dediklərini yox, inandığı televiziyanın, həqiqiliyinə şübhə etmədiyi ekzitpolun nəticələrini qəbul etdi. Və bununla da inqilab baş verdi. ABŞ səfiri isə həmin bu ekzitpolun tətbiqinə qarşı çıxış edirdi. Biz onun yaxasından yapışandan sonra o, belə bir üsulun tətbiqinin mümkün olduğuyla razılaşdı. Demək istəyirəm ki, səfir heç də inqilabçı deyildi. O, vaxtı ilə Gürcüstana Şevardnadzenin öz prezidentlik müddətini problemsiz başa vurmasını təmin etmək üçün göndərilmişdi. Heç bir səfir inqilabi dəyişikliklər etmək üçün ölkəyə gəlmir. Amma xalq onu aldadan hakimiyyəti devirmək hüququna malikdir. Buna görə də həmin bu adamlar xalqın hər şeyə qadir olduğunu görüb gürcü oyun qanunlarıyla oynamaq məcburiyyəti qarşısında qaldılar. Xalq hətta səfir Maylsdan da inqilabçı düzəltməyə qadirdir. Bu gün o, inqilabı dəstəklədiklərini deməyə məcburdur. Bunu ona dedirtmək isə inqilabın qələbəsidir. Razılığını alıb istənilən xalqı, təşkilatı, cəmiyyəti yer üzündən silmək olar. Əgər xalq məhv olmağıyla razılaşmırsa, deməli, onun hələ yaşamaq şansı var.
Gürcüstandakı hadisələr bunun bariz nümunəsidir. Məsələ bir adamda yox, bütün xalqdadır. ATƏT seçkilərin yaxşı keçirildiyini deyib nəticələrin onlar üçün qəbuledilən olduğunu bildirmişdi. Buyurun, bu da bizim onlara cavabımız! Bu mənada biz gürcülərin özümüzlə fəxr etməyə haqqımız var, amma eyforiyaya qapılmaq lazım deyil. Qarşıda bizi hansı çətinliklərin gözlədiyini yaxşı anlayırıq. Ancaq biz həm də qıraqdan dəstək almadığımız halda necə hərəkət etməli olduğumuzu da təcrübədə artıq öyrənmişik. Biz partnyorlarımızı dillərindən tutmalıyıq. Axı onlar demokratiya tərəfdarı olduqlarını bəyan edirlər. Elə biz də demokratiya tərəfdarıyıq. Xalq onları öz dostları Şevardnadzedən üz döndərməyə və onun hakimiyyətdən getməsi variantını istisna etməməyə məcbur etdi. Qalan bütün işləri xalq özü gördü. Sorosa gəldikdə isə, o, hətta prezident Buşu da hakimiyyətdən salacağından danışır. Məncə, bu məsələdə də hər şey aydındır. Sorosla Maylsın Gürcüstandakı fəaliyyətləri arasında heç bir ortaq məqam yox idi. Mayls inqilaba meylli deyildi. Bunu onun öz yanına aralarında nə bir nəfər gürcü inqilabçısı, nə bir müstəqil QHT nümayəndəsi, nə mənim, nə də bu tədbirdə iştirak edən dostlarımızın rəhbərlik etdiyi təşkilatlardan bir kəsin, nə “Rustavi-2” televiziya kanalının bir jurnalistinin olduğu 100 nəfərdən ibarət nümayəndə heyəti çağırması faktı da bir daha təsdiq edir. Bir sözlə, çağrılanların hamısı “yaxşı uşaqlar” idi. Bununla səfir bizdən küsdüyünü göstərmək istəyirdi. Gözümüz aydın. Əvvəl-axır biz deyən oldu və biz qalib gəldik.
“…MEYDANA İDEYAYA GÖRƏ ÖLÜMƏ GETMƏYƏ HAZIR OLAN İNSANLAR TOPLAŞMIŞDI”
Əgər bu əsərin qəhrəmanlarının kim olduğunu, kimlərin hansı rol oynadığını sadalasaq, şübhəsiz ki, bu siyahıda xalq birinci yerdə duracaq.
İkinci yerdə xalqdan bir qədər geri qalan və sıralarında yalnız birinin xalqın nə istədiyini vaxtında anlayan siyasətçilər gəlir. Xalq siyasi liderlərlə müqayisədə qat-qat radikal idi və üstəlik, o bu proseslərdə özünün ən yaxşı nümayəndələri ilə təmsil olunurdu. Yəni kütlə yalnız və yalnız ali təhsilli adamlardan ibarət idi. Onların arasında heç bir fəhlə-filan yox idi. Bu, çox vacib amildir. Mitinqə gələnlərin güllə-baran edilib öldürüləcəkləriylə bağlı şayiələr quraşdırılır, bu istiqamətdə təbliğat aparılırdı və ona görə meydana yalnız ideyaya görə ölümə getməyə hazır olan insanlar toplaşmışdı. Belələrinin sayı həddən artıq çox idi. Müxtəlif mitinq və tədbirlərdə əhalinin təxminən dörddə biri iştirak edirdi. Siyasətçilərin isə bəziləri, ümumiyyətlə, bu siyahıda yox idi. Onlar gedən proseslərə qoşulmamaqla xalqın gözündə öz partiyalarının qiymətini heçə endirirdilər. Kənarda duracaqlarını bəyan etməklə onlar işlərini tamamlanmış sayırdılar. Əvvəllər reytinqinə görə birinci yeri tutan Leyboristlər Partiyası da belə mövqe seçmiş partiyalar sırasında olduğuna görə indi onun seçkilərdə müəyyən edilmiş həddi aşa bilməyəcəyi heç kimdə şübhə doğurmur. O cümlədən də digərlərinin. Bu, bir növ, gedən proseslərə qarışmayan bəzi partiyaların siyasi intiharı idi. Onlar bizim əleyhimizə heç nə deməyiblər. Sadəcə, biz onları meydanda öz yanımızda görmədik.
Öz roluna və əhəmiyyətinə görə mən üçüncü yeri vətəndaş cəmiyyətinə verərdim. Xüsusilə bu cəmiyyətin bir hissəsi olan media, yəni jurnalistlər fəal idilər. Onlar nəinki mübarizə aparır və baş verənləri obyektiv işıqlandırırdılar, hətta jurnalistlərin bəziləri saxtakarlıqlara qarşı öz etiraz səslərini ucaltmaq üçün xalqın arasında yer alırdılar. Bu, tamamilə yeni bir şey idi. Gürcüstanda müstəqil televiziya kanalının olması böyük rol oynadı. “Rustavi-2” kanalının Gürcüstanın müstəqil televiziya kanalı kimi oynadığı rolun əhəmiyyətini izah etmək üçün söz tapmaq çətindir. Mətbuat orqanlarının da bu prosesdə iştirak etmələrinə baxmayaraq, onların ictimai rəyə təsiri bir o qədər də güclü deyildi. “Rustavi-2” televiziya kanalına gəldikdə isə, onun həqiqətən də ictimai rəyə güclü təsiri olduğunu söyləmək lazımdır. Və əgər vaxtilə bu kanalın yaradılmasında amerikalıların da iştirak etdiyini nəzərə alsaq, məlum proseslərdə beynəlxalq ictimaiyyətin rolu bir az da artmış olur.
Dördüncü yeri beynəlxalq təşkilatlara və Soros tipli beynəlxalq fondlara verərdim. İndi Corc Sorosun Gürcüstanda inqilab etdiyini söyləməsinə baxmayaraq, məsələnin dərinliyinə vardıqda, Sorosun son on il ərzindəki fəaliyyətinin ölkədə qeyri-hökumət təşkilatları sektorunun inkişafı üçün maddi yardım ayırmaqla kifayətləndiyini görmək olar. Amma bunun özü də çox vacib şərtdir. Üstəlik o, son günlərdə fəal siyasi çağırışlarıyla da inqilaba kömək göstərirdi. Soros, əgər belə demək mümkündürsə, siyasi cəhətdən bakirə olmayan siyasi qüvvələri dəstəkləməkdən çəkinmədi. Və onun fondunun adətən siyasətə qarışmaq istəməyən, qıraqda durmağa üstünlük verən və özlərinin müstəqil imicini qoruyub saxlamağa çalışan “alicənab” əməkdaşları qəfildən inqilabçılara çevrildilər. Bunlar hamısı məlum həqiqətlərdir. Amma bunları ən əsas amil saymaq olmaz.
Bax, əgər inqilabdakı roluna görə qüvvələri sıralamaq lazım gəlsə, mən onları məhz belə sıralayardım.
“İNQİLABI ŞEVARDNADZE “TƏŞKİL” ELƏMİŞDİ”
Bəziləri inqilabı onların təşkil etdiyini deyir. Amma məhz Şevardnadzenin bu inqilabı “təşkil etdiyini” söyləmək daha doğru olardı. O, ölkəni elə bir həddə gətirib çatdırmışdı ki, bundan o yana ölkə, cəmiyyət ya məhv olmalı, ya da nə isə baş verməliydi. Mən deməzdim ki, Şevardnadze bunu bilərəkdən etmişdi. Amma metastaz vermiş xərçəng xəstəliyinin müalicəsi zamanı istifadə olunan kimyəvi terapiya preparatları xəstə hüceyrələri öz ətrafına topladığı kimi, o da öz yan-yörəsinə korrupsiyaya uğramış cəmiyyətin ən naqis nümayəndələrini toplamış və bununla da ciddi etirazların yaranmasına səbəb olmuşdu.
Mən bilmirəm, Gürcüstanda kimsə Azərbaycandakı seçkilərdə əslində kimin qalib gəldiyindən xəbərdardır, ya yox, amma onu bilirəm ki, bu dəfə sizdə keçirilən seçkilərə bizim ölkəmizdə həddən artıq böyük maraq vardı. Bunacan hələ heç vaxt belə olmamışdı. Biz hələ bu günəcən qonşu ölkədə keçirilən seçkilərə bu qədər böyük maraq göstərməmişdik. Əlbəttə ki, “biz” deyəndə mən özümü və ya hansısa qeyri-hökumət təşkilatını yox, ümumən gürcü xalqını nəzərdə tuturam. Eyni vaxtda iki televiziya kanalı Azərbaycandan canlı reportajlar yayınlayırdı. Bundan başqa, hadisələrin dərhal dəyərləndirilməsinin və bizim müxbirin ATƏT-in adamlarını necə sıxma-boğmaya saldığının şahidi olduq. Jurnalistin hadisə yerində iştirakı, canlı bağlantılar qurulması kimi maddi vəsait tələb edən işlərin həyata keçirilməsi gürcülərin sizdəki proseslərə laqeyd olmadığını göstərirdi. Biz anlayırdıq ki, bütün bunlar böyük bir prosesin tərkib hissəsidir. Ona görə də sonradan bizim ölkəmizdə baş verən hadisələr təkcə Gürcüstanda və ya Tbilisidə yox, ümumilikdə Qafqazda və hətta bir az da geniş götürsək, keçmiş Sovet İttifaqı və keçmiş kommunist bloku ölkələrində gedən proseslərin davamıydı.
“…BİZİM NƏ NEFTİMİZ VAR, NƏ DƏ QIZILIMIZ”
Əslində bu yeni dalğa Gürcüstanda işlərin necə getməsindən asılı olmayaraq ətrafa yayılacaq. Mən bunu deməklə sabah Azərbaycanda, yaxud Ermənistanda yeni inqilablar baş verəcəyini nəzərdə tutmuram. Amma bundan sonra həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanda hakimiyyət daha diqqətli olub öz xalqı ilə münasibətdə kobud səhvlər buraxmamağa çalışacaq. Çünki artıq onlar əbədi olmadıqlarını anlayıblar.
“Hansı şəraitdə bu uğuru davam etdirmək mümkün olacaq? Nə etmək lazımdır ki, məyusluq yaranmasın?” – maraqlı sualdır. Əslində indi əsas sual budur. Qeyri-hökumət təşkilatları ilə hakimiyyət arasında gündəlik fikir mübadiləsi aparılmasını təmin etmək lazımdır. Məsələ ondadır ki, indi bizdə siyasi müxalifət yoxdur. Keçmiş müxalifətin bir hissəsi xalqın səsinə səs verməməklə intihar etmiş oldu. Onlar xalqa “yox” dedilər, xalq da qarşılıqlı olaraq onlara “yox” dedi. Keçmiş müxalifətçilərdən biri hətta xalqdan incidiyini dilə gətirdi. Xalqın isə belə sözlərə necə cavab verdiyini yəqin bilirsiniz. Xalq bu siyasətçidən birdəfəlik üz döndərdi. Belə partiyalarda yeni simaların nə vaxt parlayacağı hələ məlum deyil. Siyasi müxalifətin bütün vəzifələrini qeyri-hökumət təşkilatları sektoru öz üzərinə götürüb. Bu vəzifəni yerinə yetirməli olan müxalifət indi yoxdur. Siyasi meyitə çevrilən indiki müxalifət isə hazırda küçələrə çıxıb oradan hakimiyyətin atdığı hər addımın yanlış olduğunu bağırır.
…Gürcüstanda heç bir iqtisadi möcüzə baş verməyəcək, çünki burada gürcü iqtisadi fokusçuları yoxdur. Bu mənada ağıl qıtlığıyla bağlı problemlərlə hələ çox üzləşəcəyik. Mənə elə gəlir ki, biz kənardan ağıllı adamları dəvət etmək məcburiyyəti qarşısında qalacağıq. Amma vaxtilə kənardan dəvət olunan Balseroviç ona bəslənən ümidləri doğrultmadı. Onun məsləhətləri bizi quruya çıxarmağa qadir olmadı. Bəlkə indi dəvət edilən və ya elə bizim öz içimizdən çıxan hansısa ağıllı adamlar bizə kömək edə bildilər, bir yerə yığışıb Gürcüstanın bundan sonra neçə inkişaf edəcəyini müəyyənləşdirdilər. Nəzərə almaq lazımdır ki, bizim nə neftimiz var, nə də qızılımız. Amma hər halda biz də nəyinsə müəyyən bir potensialına malikik. Hansı addımı birinci, hansını ikinci, hansını üçüncü atmaq lazımdır? Bu haqda heç kim heç vaxt oturub fikirləşməyib. Hər halda Şevardnadze dövründə beləydi. Ümid edək ki, indən sonra belə olmayacaq.
“GÜRCÜSTANDA QAZANILAN HƏR BİR UĞUR 10-A VURULACAQ”
Mənə elə gəlir ki, bu proses Ermənistanın, Azərbaycanın və digər qonşu dövlətlərin daxilində gedən proseslərlə paralel davam edəcək. Bu mənada Gürcüstanda istənilən sahədə qazandığımız uğur bizim hər birimizin nailiyyəti olacaq. Məsələn, siz prezident Əliyevin hakimiyyətinə nəzarət etmək imkanı əldə edə bilərsiniz. Əliyev cavan adamdır. Bizə kənardan elə gəlir ki, hətta son seçkilərdən sonra da hələ bütün ümidləriniz ölməyib. Onu dəyişilməyə, böyük demokrata çevirilməsə də, hakimiyyətdə ola-ola demokratiya şəraitində yaşamağa uyğunlaşmağa məcbur etmək şansınız var. Prezidentin yox, hökumətin dəyişdirilməsi Azərbaycan üçün mümkün variantdır. Mən Ermənistanda proseslərin hansı istiqamətdə inkişaf edəcəyini bilmirəm, ancaq onu bilirəm ki, Gürcüstanda qazanılan hər bir uğur 10-a vurulacaq. Çünki bütün dünyanın gözü buradadır. Birləşmiş Ştatlar bizə ildə 165 milyon dollar vəsait ayırır. Bu onların indiyə qədər bizə etdikləri yardımların cəmindən böyükdür. Üstəlik, amerikalıların hərbi proqramı Gürcüstanda qeyri-məhdud müddətdə davam etdiriləcək. Bu da ildə təxminən 60 milyon dollar vəsait deməkdir. Bizim kimi ölkə üçün amerikalılar, demək olar ki, illik büdcəni doldururlar. Bununla qazanılan hər bir uğur daha da gücləndiriləcək. Mən Saakaşvilinin xeyrinə bir söz demək istəyirəm. O bu seçkilər zamanı amerikalıların əziz-xələfi deyildi. Və ümumiyyətlə, bu hadisələr gedən proseslərin məntiqi sonluğu hesab edilmirdi.
Amma bizdə indi belə bir hiss var ki, öz qələbələrimizi hələ davam etdirməliyik. İndi öz doğma hakimiyyətimiz üzərində qələbə qazanmalıyıq. Onu yolundan azmağa qoymamalıyıq. Mən Saakaşvilini yaxşı tanıyıram. Məni hətta Gürcüstan prezidentinin yaxın dostu da adlandırmaq mümkündür. Amma keçmiş yaxın dostu desəm, daha düzgün olar. İndi o, prezidentdir və mən bilmirəm bu onu dəyişdirəcək, ya yox. Amma onu bilirəm ki, o mənə çox doğma adamdır. Korrupsiyayla hər şey aydındır. Saakaşvili səmimi olaraq oğru, rüşvətxor məmurlara nifrət edir. Beynəlxalq münasibətlərlə bağlı da, məncə, hər şey göz qabağındadır. O, vətənpərvər adamdır və vaxtilə hətta vətənpərvərlik şerləri də yazıb. İqtisadi məsələlərə gəldikdə isə, onun bir siyasətçi kimi bu məsələlərin öhdəsindən gələ biləcəyinə əmin deyiləm. Bəli, seçki məsələsində o, ustadır. Bu, bir həqiqətdir. Mən hətta onu seçkilər siyasətçisi adlandırardım. Amma bu məqsədinə çatdıqdan, seçkilərdə qalib gəldikdən sonra onun necə hərəkət edəcəyi bizdən, bizim ona göstərəcəyimiz köməkdən asılıdır. Hər halda o bu köməyi bizdən tələb edir. “Kömək edin” – deyir. Biz də əlimizdən gələn köməyi ona göstərəcəyik.
3 fevral 2004-cü il Durban, CAR