N.Cəfəroğlu, M.Olbrayt, İ.Lasota və bəndəniz. Qdansk 2005
Demokratiyanın yarımçıq təbəssümü
“Yaddaş ləpirləri” silsiləsindən
Hələ 10 il əvvəl Varşavada Polşanın xarici işlər naziri Bronislav Geremek və ABŞ-ın dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə yaradılan Demokratiyalar İcmasının imzalanma törənində bəxtəvər-bəxtəvər gülümsəyib əl çalanda demokratiyanın dünya dolusu böyüyüb icma-icma bütün Yer üzünü tutacağına inanmışdım. Bəlkə (həm də) ona görə ki, dünyanı yönləndirməyə iddialı dövlətin xanım təmsilçisinin mühafizəsindəki boynuyoğun, lay divar oğlanlarla yanaşı, yalan olmasın, bir metr boyunda vahiməli itlər basılmaz qoruqçu təsiri bağışlayırdı. Düşünürdüm ki, demokratiyalar da beləcə mühafizə olunacaq.
İyulun əvvəlində Polşanın bu dəfə başqa bir şəhərində – Krakovda Demokratiyalar İcmasının 10 illik yubileyində iştirak edəndə ta o itləri görmədim. Heç o boynuyoğun, lay divar oğlanlar da gözə dəymədi. Onların yerini adi mühafizəçilər tutmuşdu. Baxmayaraq ki, xanım Madlen Olbrayt da orada idi, onun xələfi, indiki dövlət katibi xanım Hillari Klinton da gəlmişdi, “xalqa çağırış” üslubunda çıxış da elədi. Maraqlı, düşündürücü, lap 10 il əvvəlki sələfinin çıxışı kimi.
***
Demokratiya münbit olmayan torpaqda kövrək bir ağacı bəsləməyə bənzər. Köksüzdü, gücsüzdü, həssasdı, qayğıya ehtiyacı var. Amma tutdumu, cücərib yarpaqladımı, min-min köklü-budaqlı ağacdan da sevimli olacaq. Balasını gec tapan ailənin sevinci kimi.
Demokratiya qarşılıqlı münasibətdə, daim ünsiyyətdə olanların harmonik davranış məkanıdı. İncəlik sevər, qabalıq ona yaddı. Demokratiya elə mexaniki düzümdü ki, iştirakçıların hamısının bu prosesdə rolu və payı var: saat zəngi saatın içindəki irili-xırdalı neçə-neçə detalın bir-birinə bağlı hərəkətinin, “birgə əməyinin” məhsuludu, bir nəfərin qol gücü ilə hərəkətə gəlib çalınan kilsə zəngi deyil.
Demokratiyanın problemi, çətinliyi ondadı ki, o, insanları inandırmalıdı. İnandırmaq demokratiyanın mahiyyətindədi. Avtoritarizm buna ehtiyac duymur. Adamları inandırmaq aldatmaqdan çətindi (Adamların inanmağa yox, aldanmağa meyilli olması başqa mövzudu, bunu demirəm). Odur ki, avtoritar idarəetmə demokratik idarəetmədən asandı…
***
Yalnız demokratiya sabit inkişafa, nəsillərdən-nəsillərə ötürülən rifaha təminat verir. Demokratiyasız bazar iqtisadiyyatı mümkün deyil. Bazar iqtisadiyyatı model olaraq başqa yerlərdə də tətbiqə güvənli görünməlidi. Çinin son 30 ildəki nəhəng inkişafı mifdi. Zəngin ərəb ölkələrinin də rifahı “beli bağlı” deyil. Çünki model olaraq ixraca yaramır. Azad və demokratik olmayan ölkə rifah modeli yarada bilməz.
İqtisadi inkişaf ölkədə urbanizasiyanı gücləndirir. Buna görə avtoritar rejimlər kənddə daha güclüdü. Urbanizasiya avtoritar rejimləri çökdürür. Çinin qüdrətli gələcəyi iqtisadi yüksəlişlə demokratiyanın simbiozundan (biologiyada simbioz belə başa düşülür: iki orqanizmin bir-birindən istifadə edərək müştərək yaşaması) keçir.
***
Bu günün bəlası korrupsiyadı. O, artıq epidemiyaya çevrilib. Kimi bu xəstəliyin daşıyıcısıdı, kimi də yenicə yoluxub. Kimi epidemiyanın kənarında, kimi episentrindədi, biz də elə bura yaxınıq. Korrupsiya demokratiyanın düşmənidi, şoran torpaq bitkilərin qənimi olan kimi. Demokratiyanın kökünü qazsa, korrupsiya qazacaq.
Rusiyanın keçmiş oliqarxı, indiki siyasi məhbusu Mixail Xodorkovski “Vaşinqton Post” qəzetinə göndərdiyi məktubunda belə yazır: “Dünya üçün təhlükə nüvə müharibəsi deyil, korrupsiyadı. Əgər dünya korrupsiyanın qarşısını almasa, korrupsiya dünyanın inkişafını durduracaq”.
Mənim qorxum da elə demokratiyanın korrupsiyalaşması qorxusudu…
***
Konfransda neçə-neçə ölkənin indiki və keçmiş lideri, dünya çaplı siyasətşünaslar, iqtisadçılar, demokratiya fədailəri çıxış edirdi. Bu çıxışlardan son illər dünya boyu demokratiyaya qarşı təhdidlərin nə qədər artdığı aydın görünürdü. Mövqeyi xeyli zəifləsə də, yenə ümid demokratiyayadı. Üzü Birmadan bəri, yönü Kubaya qədər danışanlara mən də qulaq kəsilmişdim. Onlara baxıb 10 il əvvəlimi – demokratiyanın dünya dolusu böyüyüb icma-icma bütün Yer üzünü tutacağına inandığım vaxtı xatırladım. Onlar mənim kimi ümidli görünmürdülər. Dünyanın ən qapalı ölkələrinin təmsilçilərinin üzündəki yarımçıq təbəssümü görəndə demokratiyanın minlərlə tərifinin biri də beləcə yarandı: “Demokratiya ümiddi”.
…Krakova səfər xərclərimi Soros Fondu ödədiyindən (sağ olsun) hesabat yazmalı idim. Əvəzində bu yazı alındı…
16 iyul 2010