Cahillər və snoblar
Özümü cəmiyyəti çoxrəngli görmək istəyən, onun çoxsaylı zümrələrin qarşılıqlı təması ilə inkişaf edə biləcəyinə inananlara aid edirəm. Belələri sosial təbəqələrin bərabərhüquqlu ünsiyyətini quran bu şərtləri qəbul edənlərdi: işlək Qanun, hamının əməl elədiyi Qayda, bu qanun-qaydalarla yaşamaq Vərdişi, cəmiyyət həyatına hakim kəsilən Ədalət və Əxlaq.
Arzuladığımız cəmiyyət üçün bunlar yetərlidi. Təki hamısı cəm şəklində, birlikdə olsun, birinin, ya ikisinin olması kifayət eləməz, mırıq diş kimi pis görünər. Sadalanan prinsiplər bir-birinə bağlıdı. Halqalardan biri qırılanda zəncirin nizamı pozulan kimi bunların da biri sıradan çıxanda digərləri kəsərini itirir, vaxtilə təmtəraqlı səslənən, indisə arxaikləşən sözlər təki əhəmiyyətsiz ifadəyə çevrilir. Təzəkdə saralan samanın nə vaxtsa yamyaşıl ot olduğunu düşünməklə saman göyərəsi deyil…
Bir ilməsinin qaçmasıyla sökülən xalça kimi dəyərlər sistemi pozulmuş cəmiyyətin sonucu belədi – işləməyən qanun, əməl olunmayan qayda, yadırğanmış vərdiş, üzü sürtülmüş ədalət, pozulmuş əxlaq. Təsvir eləməyə çalışdığımız cəmiyyət azlaylıdı, burada rənglər də çox deyil, yalnız ağ və qaradan ibarətdi. Bu, qətiyyən o anlama gəlməsin ki, ağ yaxşını, qara pisi ehtiva edir. O, nağıllarda qaldı. Eyni mühitdə uzun müddət yaşasa, ağ qaralar, qara da ağarar. “Atı yan-yana bağlasan…” məsəlini mən deməmişəm, müdriklər deyib.
Bütün başqa dəyərləri bir kənara qoyub cəmiyyətin mənəvi düzənindən danışaq. Bugünkü mənəviyyat müstəvisindəki zümrələr bir-birinə qarışmayan iki kimyəvi məhlul kimidi. Söhbəti artıq çoxdan mənəvi tablomuzda başqa rəngləri udub yalnız ağ və qaradan ibarət öz sərhədlərini cızan iki anti-mənəvidən – cahillər və snoblardan salmaq istəyirəm.
Cahil bərk olmadığından qoyduğun yerdə durmaz, aşar. O, maye də deyil, axmır. Qaz da deyil ki, uçub gedə. Bərk, maye, qaz halında olmayan şeyə təbiətdə nə deyirlər, bilmirəm. Cəmiyyətdə isə bunun adını elə cahil bilirəm. Təmtəraqlı səslənməsinə, görüntü yaratmasına baxma, cahilə heç nə təsir eləmir, özü də kiməsə təsir edəsi deyil. Amma mövcuddu. Mövcuddusa, demək, canlıdı, canlıdısa, artandı. Bir şeyin artıb çoxalması üçünsə münasib şərait, münbit zəmin olmalıdı. Cahillərin artıb başına götürdüyü mühitə isə cəhalət deyilir.
…Haqqında bəhs edəcəyim ikinci qrupun adı snobdu. Sürətlə yayılır, gərək dilçilərimiz bu sözün qarşılığını tapa. “Aristokrat cəmiyyətinin zövq və ədalarını kor-koranə təqlid etməyə çalışan və digər hər şeyə xor baxan adam”. Lüğətdə snob belə izah olunur. Bir az sadələşdirim: snob mənşəyini guya unudub zahirən zər-ziba içində göz oxşayan, ilk nəfəsdə adamı az qala bihuş edən, ancaq təkrar iyləmədə üfunət qoxuyan, yüngül təmasda yırtıq tuluqdan axırmış kimi çirkab olub üstünə tökülən insan zümrəsidi. O, sağlam cana yoluxa bilməyən virus, gün işığına tab gətirməyən kif göbələyi kimidi. Münbit yerdə (oxu: xəstə cəmiyyətdə) isə özünü rahat hiss edir, sərbəst dolaşır, epidemiya kimi yayılır.
Cəmiyyət cahillər və snoblardan ibarət iki qütblü kimi görünür. Biri-birlərindən elə məsafədədilər ki, dağ zirvəsindən baxırsanmış kimi əyilsən, başın gicəllənər, bir şey görməzsən. Amma bir-birləriylə təmas qurmadığına, ünsiyyətə girmədiyinə baxma. İkisi də bir boyda, eyni çəkidə, mahiyyətdədi, “bir bezin qıraqları” təki. Onların yaşam tərzi də, həyat mənbəyi də eynidi.
***
Hər yerin öz yetirməsi var. Səhra bataqlıq gülü bitirməz, bataqlıq da çöllər gözəli yovşanı. Şehçiçəyi gözəldi. Ləçəkləri çəhrayı, ortasındakı dişiciyi sarı, onu əhatəyə alan erkəkciyisə ağ rəngdə olan bu çiçək göz oxşayır, dərib yaxandan asarsan, sevgilinə çələng hörərsən. Amma bataqlıqda yetişir. Bu da onun taleyidi.
Qanun, qayda, ədalət, əxlaq olmayan yer də bir mühitdi. Burda yalnız cahillər və snoblar bitir, kökü dərinə işləyir, qol-budaq atır, çiçəkləyir, bar verir.
Yerdə qalanlar solur, quruyur, çürüyür…
Çöldə qalanlar isə boğulur, çərləyir, ölür…
24 iyun 2010