Cəmil HƏSƏNLİ. “Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabına öz söz

 Qəm naxışları

Qələmindəki dərdlə oxuculara çoxdan tanış olan Vahid Qazinin “Yaddaş ləpirləri. Demokratiya yazıları” əlyazmasını vərəqlədim. Müəllifin uğurlu qələm təcrübəsi kimi ruhumuzu titrədən “Ruhlar şəhəri”ndən sonra nə yazacağı, oxuculara nə təqdim edəcəyi mənim üçün maraqlı idi. Dünyanın müxtəlif ölkələrinə səfər təəssüratlarının maraqlı müşahidələri, ev içində olan söhbətlərin bayırlıq tərəfləri müəllif təhkiyəsində maraqlı görünürdü. Lakin kitab olacaq bu əlyazmada mənim üçün maraqlı süjet xətti bütün mətləblərin Qarabağ dərdi üzərində qurulması idi. Başımıza gələn müsibətlərin ən faciəlisi də budur: Qarabağ olayları nəinki ədəbiyyatımıza, bütövlükdə milli həyatımıza, yaşayışımıza, əxlaqımıza daxil ola bilməyib.

Hərdən mənə elə gəlir ki, bu faciə toylarımızda, şənliklərimizdə Azərbaycan gəncinin, qızının, gəlininin və hətta ziyalısının “Yanıq Kərəm”ə qol açıb oynadığı gündən başladı. Kərəm tarixə yanmaq nümunəsini verdi, biz isə onun hələ bu gün də qövr edən dərdinin külü üstündə rəqs edirik. Bir vaxtlar axına qarşı gedənləri Kərim kimi yanmaqla qorxudurdular. Vahid Qazinin əlyazmasını oxuyanda istər-istəməz Nazim Hikmətin həmişəyaşar bir şeiri yadıma düşdü:

— Sen kendi sesinle kül olursun ey!

Kerem

gibi

yana

yana…

«Deeeert

çok,

hemdert

yok»

Yürek-

-lerin

kulak-

-ları

sağır…

Hava kurşun gibi ağır…

Ben diyorum ki ona:

— Kül olayım

Kerem

gibi

yana

yana.

Ben yanmasam

sen yanmasan

biz yanmasak,

nasıl

çıkar

karan-

-lıklar

aydın-

-lığa…

Kitabda yer alan yazıların coğrafiyası və mövzusu çox geniş olsa da, bütövlükdə bu kitab öz əriş-arğacı, öz həşyələriylə dərdin ilmə-ilmə toxunduğu Qarabağ xalısıdır – oxucunu keçmişin bəxtəvər günlərinə qaytaran, bugünkü dərdimizin rəng çalarlarından aynalanan Qarabağ xalısı.

Ayrılığın, həsrətin uzunluğundan yaddaşı korşalmış insanlarımızın, Qarabağın gözəlliklərini gözləri ilə görməyən bugünkü gənclərin yurd həsrətindən mayalanmış belə kitablara böyük ehtiyacı var.  Kitabda yer alan “Ölü şəhərlər muzeyi”, “Partlamayan minaların serenadası”, “Qəmli gözlərin süitası”, “Açılmayan süfrənin qonağı” və digər yazılar öz orijinallığı, səmimiliyi, dərd yükünə görə oxucunu sehrinə salır.

Qeyd etdiyimiz kimi, kitabda yer alan məqalələrin coğrafiyası çox genişdir. Şimali Amerikadan tutmuş Cənubi Afrikaya qədər iştirakçısı olduğu tədbirlərin qayəsi, gəzdiyi, gördüyü yerlərin mənzərəsi, yol-yoldaşı olduğu adamların mənəvi dünyası Vahid Qazinin sətirləri arasından çox canlı görsənir. Kitab axtarışlar üzərində qurulub: müəllif olduğu hər yerdə ədalət, vətənində isə bütövlük və demokratiya axtarır. Bu baxımdan oxuculara təqdim edilən “Ağ Rusiyanın qara taleyi”, “Rusiya səfirinə məktub”, “Susmaq hüququ”, “Demokratiyanın yarımçıq təbəssümü” və digər yazılar kitabı kifayət qədər maraqlı edir.

Kitabda maraqla oxunan daha iki yazı diqqəti cəlb edir. “Bekar(a) ömür” və “Özünü axtaranlar ölkəsi və ya maydan sonra gələn aprel”. Ölkəmizin 23 aylıq şərəf nümunəsi olan Xalq Cümhuriyyəti tariximizə müasir baxış ikinci yazının qayəsini təşkil edir. Müasir mədəniyyətimizə baxış, qədim türk yaddaşına, adətinə, ənənəsinə və tarixinə həsr edilmiş bir filmə üç milyonluq bir şəhərdə üç tamaşaçının tapılmaması doğrudan da həyəcan təbilidir. Bu təbili çalanlardan biri də Vahid Qazi və onun oxuculara təqdim edilən “Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabıdır. Qəm naxışlarından toxunmuş Qarabağ xalısı bir kitab…

Cəmil HƏSƏNLİ

tarix elmləri doktoru, professor

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma