“Azərbaycan hakimiyyəti Qafqazda geosiyasi “duman” çəkilmədən hər hansı real geostrateji seçim etməyə tələsmir”

“Azərbaycan hakimiyyəti Qafqazda geosiyasi “duman” çəkilmədən hər hansı real geostrateji seçim etməyə tələsmir”


Azərbaycanınn NATO ilə hazırkı əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?

– Azərbaycanın NATO ilə əməkdaşlıq səviyyəsi Rusiyanın regiondakı nüfuzu ilə tərs mütənasibdir. Rusiyanın Qafqazda təsir imkanları azalan dövrdə bizim NATO ilə daha intensiv əlaqələrimiz olub və bu, yüksələn xətt boyu inkişaf edib. Lakin Rusiyanın regiondakı indiki nüfuzu 10-15 il əvvəllə müqayisə oluna bilməz, indi daha güclüdür. Rusiya NATO-nun bu regiondakı iştirakına dözümlü yanaşmır və münasibətini birmənalı şəkildə bildirib. Onun bu mövqeyi ətraf ölkələri daha ehtiyatlı davranmağa məcbur edir. NATO-nun Gürcüstandakı son təlimlərinə Rusiyanın sərt mövqeyi yaxın ayların hadisəsidir. Əlbəttə, Azərbaycanın NATO-ya inteqrasiyasının tərəfdarıyıq. Amma arzularla reallıq təəssüf ki, həmişə üst-üstə düşmür. Odur ki, arzu və istək kontekstində mövcud əməkdaşlıq səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Amma real durumu da nəzərə almamaq mümkün deyil.

Sizcə Azərbaycan NATO ilə əməkdaşlıq planlarında nəzərdə tutulan hərbi və siyasi xarakterli islahatları yerinə yetirirmi?

– Bu sualın cavabı birmənalı olaraq, “yox”dur. Odur ki, əməkdaşlıqdan söhbət gedə bilər, amma sualda qoyulan islahatların “tısbağa” gedişi bu alyansa üzvlüyün hələ üfüqdə belə görünmədiyindən xəbər verir.

Bu gün Azərbaycan rəsmiləri balanslı siyasət yürüdüldüyünü bəyan edirlər. Sizcə bu siyasəti balanslı adlandırmaq olarmı?

– Qafqaz hələ də dünyanın ən qaynar bölgələrindən biri olaraq qalır. Elə sahələr var ki, istənilən gediş “qıl körpüsünü” xatırladır. Ölkə indiyədək öz xarici siyasətinin Qərb vektoru üzrə istiqamətini saxlamağa çalışır. Bunu nə qədər qoruya biləcəyi zamanın işidir. Rusiyanın ilbəil zəifləyəcəyi barədə proqnozlar özünü doğrultmadı. Odur ki, sabah tərəzinin gözünün əks tərəfə əyilməyəcəyinə qarantiya yoxdur. Mən “balanslı siyasət”lə “neytral dövlət” anlayışları arasında qohumluq əlaqələri görürəm. Bu konkestdən yanaşanda və regiondakı mövcud şərtləri nəzərə alsaq Azərbaycanın neytral dövlət olmaq imkanları yoxdur. Bu, bəlkə də yaxın 20-30 ildə mümkün olmayacaq. Odur ki, mən “balanslı siyasət” yerinə “ehtiyatlı siyasət” işlədərdim. Bu termin daha real və başa düşüləndir.

Azərbaycanın son vaxtlar Rusiya ilə hərbi-texniki əməkdaşlığa meyl etməsini necə qiymətləndirirsiniz? Bu siyasət olkənin hərbi-siyasi və iqtisadi prioritetlərinə uyğundurmu?

– Azərbaycanın Rusiyaya meyl etməsi Azərbaycanın Qərbdən gözləntilərinin, gümanlarının, lap açığı, infantil ümidlərinin xeyli azalması kontekstində nəzərdən keçirilməlidir. Qarabağ Azərbaycanın təhlükəsizlik meyarı olmaqla yanaşı, xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana münasibətinin ölçü vahidinə çevrilib. “Qarabağın açarı Rusiyadadır” deyimi 15 il əvvəlki kimi yenə aktualdır. Təəssüf ki, bu problemin həllində “neft”, “BTC boru kəməri” və s. amillərə vaxtilə bəslənən ümidlər də özünü doğrultmadı. Yəni Qarabağa münasibəti nəzərə alsaq, təhlükəsizliyə qarantın Qərbdə axtarışının səmərə vermədiyi qənaətinə gəlmək olar. Amma mən bu qarantı tapmaq üçün yenidən Rusiyaya üz çevirməkdən zövq ala bilmərəm. Bu, adam batıran çaya ikinci dəfə baş vurmağa bənzəyir. İnanmıram ki, xarici siyasət yönəticilərimiz belə sadəlövhdürlər. Fikrimcə, bu, mövsümi xarakterli “meyllənmədir”.

Azərbaycanın Hərbi Doktrinası və Müdafiə Icmalı hələ də qəbul olunmayıb. Sizcə gecikmənin səbəbləri nədədir?

– Bunun bir çox bilinən və bilinməyən səbəbləri ola bilər. Geniş izahat tələb edən sualdır. Qısa cavabım isə belədir: Azərbaycan hakimiyyəti Qafqazda geosiyasi “duman” çəkilmədən, dünya güclərinin region uğrunda davası bitmədən hər hansı real geostrateji seçim etməyə tələsmir.

NATO-nun yeni baş katibi Anders Foqh Rasmussen Gürcüstan ve Ukraynanın tezliklə NATO-ya üzv ola biləcəyi ehtimalının üzərindən xətt çəkdi. O bildirdi ki, rəhbərlik edəcəyi dönəmdə alyansın əsas diqqəti Rusiya ilə münasibətlərin yaxşılaşmasına və Əfqanıstanda vəziyyətin sabitləşməsinə yönələcək. NATO-nun bu siyasəti içinde Azərbaycanın yerini necə görürsünüz?

– NATO-nun Gürcüstan və Ukraynaya münasibətdə yürütdüyü siyasətin həmin ölkələrdə hansı könül qırıqlılğına gətirdiyi bəllidir. Bəlkə də bu nöqteyi-nəzərdən yanaşıb, Azərbaycanın Rusiyanı qıcıqlandıraraq NATO ilə əməkdaşlıqda Gürcüstan qədər qabağa getməməsinə bəraət qazandırmaq istəyənlər üçün fürsətdir. Nə cür izah olunmasından asılı olmayaraq reallıq budur ki, NATO Rusiya ilə kəllələşməyə hazır deyil. Biz də NATO-ya üzvlüyə hazır deyilik. Odur ki, əməkdaşlığımız Rusiya ilə münasibətimizə xələl gətirməyəcək səviyyədən uzağa getməyəcək.

Qəbələ RLS-in gələcək perspektivleri necə ola bilər? 2012-ci ildən sonrakı dövrə hansı proqnozlarınız var? Bu stansiyadan kimlər istifadə edəcək?

– Qəbələ RLS-in öz dövrünü başa vurması yaxın gələcəyin işi deyil. Söhbət onun taleyinin necə olacağından gedirsə, fikrimcə, bu stansiyanın bir yox, bir neçə dövlətin istifadəsi üçün icarəyə verilməsi bizim maraqlarımıza daha uyğundur. Hazırda onun Rusiya və ABŞ tərəfindən birgə istifadə olunması barədə ideya hələ də gündəlikdədir. Amma istənilən halda növbəti illər üçün onun taleyinin dünya güc mərkəzlərinin regiondakı mövcud real nüfuzu kontekstində həll olunacağı daha ağlabatandır.

“MilAz” İnformasiya Agentliyi

18 abqust 2009

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma