 Qarabağ indi Qərblə Şərqin qara qapısıdı. Bu qapı pulgir canilərin əlindədi: artıq bu qapıdan mədəniyyət deyil, narkotik daşınır. Qarabağ cinayətkar güclülərin cəngindədi: oğurluq cavanların əzalarını kəsib-töküb Avropaya daşıyırlar. Orqan mafiyası Şuşada at oynadır. Soran yox, soruşduran yox. Qara bazardı. İnsan əxlaqsızlığının Qərbdən Şərqə, Şərqdən Qərbə axıntısı indi Qarabağdan keçir.
Torpaq da insan kimidi, köləyə çevriləndə şərəfini itirir.
Bir vaxtlar Qarabağ dövlət idi. Cavanşirlər qurmuşdu bu dövləti. Cavanşirlər Çingiz övladı olduğundan səltənətin idarəetməsi Çingiz modeli idi. Qanunlar, qaydalar şəriətlə Çingiz Yasasının qarışığı idi. Din milləti əzmirdi, millət dini əzmirdi, qoşa qanad kimi idilər.
Qarabağ elm, mərifət, irfan məktəbi idi, çünki Qarabağ azad idi.
Bir vaxtlar Qarabağda xan oğlu xan, vəzir oğlu vəzir, vəkil oğlu vəkil, qazı oğlu qazı olarmış, Vahid. Peşələr, rütbələr, mənsəblər irsi idi. Zümrələr, səflər – Sabir demişkən – yağı yağ üstə, ayranı ayranlıq idi. 200 il əvvəl Qarabağ dövlətində yazılmamış qaydalar belə idi. Amma belə olmuş olsa belə, xanın, vəzirin, vəkilin, qazının zay oğlu atasının yerini tuta bilməzdi. Buna atalar yol verməzdilər, gorlarına söydürməzdilər. Oğullardan yalnız ən layiqli olanı rütbəyə varis ola bilərdi. Rütbə mülkiyyət deyil ki, axmaq övlada da pay çatsın, rütbə müqəddəsdi, müqəddəsi yalnız irsən deyil, həm irsən, həm də irfanla qazanarlar. İncə məsələdi…
Zadəgan evlərində bəyzadələrin rəqabəti gedərdi: elm, əzm, mərifət və rəşadət rəqabəti. Görək kim daha elmlidi, kim daha əzimlidi… kimi mərifət, kimi fərasət, kimi səltənət işində ağır basacaq. Axı hər bəydən xan olmaz, vəzir olmaz, vəkil olmaz, qazı olmaz. Bəylik irsi qazancdı, idarəetmə gücü isə qazancın qazancıdı.
Məsələ zarafat deyildi, dövlət idarəetməsi idi, Allah hüzurunda görəv idi, Allah bəndələrinin keçimi idi, Onun Yerə göndərdiyi ədalətinin bəndəsinə yetirilməsi idi.
İdarəetməyə hazırlanan bəyzadələrin qulaqlarına doldurulurdu ki, səltənətin məsuliyyətlərini unudarsan, Allah da səni unudar, bu günün xoş olar, sabahın puç olar, əslin də, nəslin də tar-mar olar. Beləcə görəvlər damla-damla aşılanır, sonra da tamaşa edilirdi: görən bu uşaqdan bir şey çıxacaqmı… sərmayə batmayacaq ki…
Söz yox, bu qaydaları pozanlar da vardı, olmaz olarmı. Yüzü təlim alar, içindən biri alim olar. Amma qayda vardı, qanun vardı, göydə Allah vardı. Bəndənin – dövləti idarə edən bəndənin Allahdan xəbəri vardı. “Quran” oxuyan kişilər xan, vəzir, vəkil, qazı olacaq bəyzadələrə lap az yaşlarından öyrədirdilər ki, hakimiyyət Allahın əmanətidir, Allah sənə vəzifə veribsə, idarəetmə haqqı veribsə, demək çiyninə böyük məsuliyyət yükləyib, amanın bir günüdü, nahaq yerə xalqı incitmə, haqqı nahaqqa vermə, heç bir Allah bəndəsini çörəklə imtahana çəkmə, odla oynama. Yasaq! Əlhəzər! Olmaz!
Olmaz olanı edərsən, hakimiyyət əldən gedər, nəsillərimiz ac və kölə olar, cəhənnəm oduna yanar.
Elmi olan cəhənnəmin min mənasını anlar kimi olar, olmayan da nə bilir, onu edirdi.
Bu nizam pozuldu. Belimiz qırıldı. O gün ki, işğal gəldi, xanlar, vəzirlər, vəkillər, qazılar, əsgərlər… yurdumuz, ordumuz kölə oldu. Kölə kişi deyil! Kölə qadın deyil! Kölənin əxlaqı olmaz! Kölənin şərəfi olmaz! Köləlik ləyaqətin bitdiyi yerdə başlayır.
***
Ağdam xarabalığının tarixi Qarabağ xanlığını rusların işğalından başlamışdı. Tam 200 il əvvəldən. Ağdamın “Ruhlar şəhərinə” çevrilməsi 200 il idi yol gəlirdi. Gəldi, yetdi də.
Dostum Vahid Qazinın – bildiyim qədər Vahidin ulu babası Qarabağ xanlıq dövlətində qazı, yəni məhkəmə hakimi olub, bu soyad da o mövqedən gəlir – “Ruhlar şəhəri” kitabının da bünövrəsi o dövrlərdən qoyulub: Yaz! Mühakimə et! Əsilləri və nəsilləri tanıt!
İrsi vəzifələri zarafat bilməyin!
Bu qələm işi – əslində qəlb işi fikrimi alıb apardı. Vahidin nəzakət yağan üzü dinməzcə gözlərimin önündən çəkilib getdi, yerində ünvansız göz yaşları qaldı. Ağlamağı gizlətməkdən ötrü gülməyin nə olduğunu bilmərəmmi mən…
Vahid şirin yuxular görür… Ağdamı geri alacaq… qanını torpağına qatacaq, qazılar qazi olacaq… yaralarına torpaq saracaq… torpağının yaralarını saracaq… Yuxuların çin olsun…
Bir gözü ilə də keçənləri, itənləri, bitənləri axtarır, filan küçədə, filan evdə, filan məktəbdə, milisdə, stadionda… çəpərin dibində, barının o üzündə torpağa tökülüb qalmış istəklər, sevgilər, xatirələr… filankəslər… filankəsin qızı… hanı, hara yox oldu, nə oldu, nələr oldu… tifağımız döndü, nə döndü… bir vədəsiz yel əsdi… köçdü bülbül, soldu gül, istər ağla, istər gül…
Oxuduqca mənim də köhnə qalalı damarım tutur. Şuşadan aşağı – Ağdama baxıram. Vahid uşaqlıq, yeniyetməlik dövrünü vərəqləyir, yaşadıqlarından, yar-yoldaşından danışır. Mən də ona bildiklərimdən danışıram. Birdən xəbər tuturam ki, mənim xatirələrim, uşaqlığım, yeniyetməliyim eldə, obada, torpaq üstə, gerçək həyatda keçməyib, 20-ci illərdən Bakının dar dalanlarına sığınmış ailəmin Qarabağ xatirələrində keçib.
O xatirələrin Bakıya baxan bircə pəncərəsi vardı, pəncərə başqa evlərin damlarına açılırdı. Bu damlardan o yana “Təzə Pir” məscidi görünürdü. Minarədən azan səsi gəlirdi. Səsin sahibini görmək üçün pəncərəyə çıxırdım, ən sonuncu dəmir barmaqlıqdan boylanırdım. Qara geyimli, qara karandaşım boyda bir kişi əlləri qulağında əzan çəkir, minarənin dəmir tutacağı boyu dörd bir tərəfə fırlanırdı. O görünməz olanda səsdə uzaqlaşırdı. Durub qayıtmağını gözləyirdim, gözləyə-gözləyə nəyi gözlədiyimi unudurdum… əzanın bitdiyindən xəbərim olmurdu…
Mən də danışmağa başlayıram…
Anılarım sızlayır. Ağdam… İmarət… Şuşadan yellənə-yellənə gələn al-yaşıl yaylıqlı kəcavələr… nakam Əzizə xanım qardaşına vəsiyyət edir ki, məni də İmarətdə dəfn edin, bibilərimin böyründə, “Ərrəhman” oxunsun üstümdə… bizim şəhidin üstündə də şəhid laylası “Ərrəhman” oxundu… böyüklərimiz belə istədi. Anıların gözü yaş süzər, üzü gülər… bir yolumuz da Bərdə imamzadəsinə gedər… seyyid vəzirzadələrin son yatağı… biri də Bibiheybətə… Fərhad bəy Vəzirov zövcəsi Ağca xanımla bərabər orada yatır… pərən-pərən düşdük… amma şükür, çox şükür, bütün yollar məbədə gedir…
Yurd yarası daşıyanların bağrı Azərbaycanımızın bağrı kimi şan-şandı… görünməz axan göz yaşları daşı dələn kimi dəlib keçib qəlbləri… Yanmış Vətən bağrını gözü ilə görmək istəyən Ağdam xarabalarına baxsın. Ağlamağa gözü, getməyə yeri olmayan Vətən orada, o tənhalıqda, o soyuqda yaralı yatır…
Vahid yuxularında yurdunun yaralarını sarıyır. Qurur, yaradır, öpüb oxşayır, başına dolanır. Deyirəm etmə, eləmə, dikəltmə, qoy arxası qatda qalsın, yarası qanasın, qanı axsın, xaraba qalsın. Ovunmağa nə hünərimiz var. Bizim günahlarımızın, rusun-erməninin qatilliyinin görkü olsun. Bizə görk olsun! Gələn-gedən nəsillərimizə görk olsun! Bizdən sonra gələnlər görsün ki, yolunu azmış qövmün cəzası nədir.
Azdıqmı… Kölə azmazmı…
Vahid, yeni Ağdam yarat! Köhnə xarabanın üstündə yox, böyründə. Himi əskisi kimi qoyulmasın. O yeni Ağdamda “bütün yollar bazara aparmasın”. Bazarda tərəzinin gözü əyməsin. Ağdamlı atmasın, aldatmasın, xəyanət olmasın, dost yarına göz dikilməsin… şəbədəsiz, hiyləsiz, dürüst, təmiz… bir də… təkəbbür olmasın… Allah lövğaları sevmir…
Günahsız Ağdam, Günahsız ağdamlılar… projesini başlat, Vahid.
Dostlarını, tərəfdaşlarını başına yığ… bu işlər görülməlidi axı…
Mən də, sən də düşmənin əclaflığından çox yazmışıq. Yetər! Gəl, “Ruhlar şəhəri”ində öz günahlarımızı axtaraq. Vaxtdı, dilə gəlməyən etdiklərimizi heç olmasa öz vicdanımızın mühakiməsinə verək. Bəlkə nicat bundadı…
Bəlkə də sən belə demək istəmədin bu kitabda. Nədənsə mən belə gördüm. Heç belə yazmaq da istəməzdim. Amma belə yazdım. Dişim dilimi kəsir. Çox hirsliyəm. Çox səbirsizlənmişəm. Qarabağın qara bazara çevrilməsinə necə dözürük, bilmirəm. Azərbaycanın, bu yazıq Vətənin bu halına necə dözürük, bilmirəm. |